SON XƏBƏR

“Qurani-Kərim”i təsəvvüf üslubunda şərh edən ilk alim naxçıvanlıdır

Sentyabr 25
00:25 2017
Osmanlı dövründə böyüyən və Nəqşibəndi təriqətinin böyük mütəfəkkirlərindən sayılan, hörmət və izzət sahibi İslam alimlərindən olan Baba Nemətullah Naxçıvani Şərqin gözəl diyarı Naxçıvanda anadan olub.  
 
Alimin həyatı haqqında çox az məlumat vardır. Qaynaqlarda onun Ağqoyunlu hökmdarı Uzun Həsənin dövründə (1467-1478) təhsil aldığı, Sultan Yaqubun dövründə isə (1478-1490) Naxçıvan mədrəsələrində müəllimlik etdiyi söylənilir. Mənbələrdə ondan Şeyx Əlvan, Ulvanəl Ağşəhri, Nemətullah Baba, Nemətullah Sultan, Baba Nemət, Baba Naxçıvani kimi bəhs edilir (o dövrdə dərvişlər türk xalqları arasında "baba” və "dədə” adlarıyla bilinirdi). Həyatının çox hissəsini Naxçıvanda keçirən Nemətullah Naxçıvani yaşadığı dövrün görkəmli alimlərindən dərs alıb, dünyəvi elmlərə dərindən bələd olub, sonra isə təsəvvüfə yönəlib. O, yaşadığı dövrdə bir sıra dəyərli alimlərlə tanış olub, onlardan xeyir-dua alıb. Özünəməxsus biliyi və dərin mənəvi keyfiyyətləri ilə məşhurlaşan Baba Nemətullah Naxçıvani Türkiyəyə gedib, Ağşəhərdə yaşamağa başlayıb.
 
Nemətullah Naxçıvaninin yazdığı əsərlər əxlaq, fəzilət, elm və ürfan nümunəsi kimi məşhurlaşıb, ona xalqın rəğbət və məhəbbətini qazandırıb. Zahiri və batini elmlərdə çox yüksək biliyə malik Nemətullah Naxçıvani mənəvi elmlərdəki dərin biliyi ilə təsəvvüfdə ilahi sirlər dənizinə vaqif ­olanlardandır. 
 
Professorlar Fəxrəddin Səfərli və Məmməd Rzayev öz məqalələrində onun fəlsəfi görüşlərindən bəhs edib, həyat və yaradıcılığı haqqında maraqlı faktlar irəli sürüblər. Əhməd Faruq Güney də öz elmi əsərlərində alimi məşhurlaşdıran təfsirlərindən bəhs edib. Əhməd Faruq Güney araşdırmasında Nemətullah Naxçıvaninin həyatı, yaradıcılığı və naxçıvanlı olması haqqında məlumat verib.
 
Onun qəbri Konya bölgəsinə bağlı Ağşəhər dərəsinin yuxarısında, Baştəkkə yolu üzərindədir. Məzarı 1852, 1889 və 1995-ci illərdə bərpa olunub. 
 
Baba Naxçıvaninin "Əl-Fəvatihul-ilahiyyə vəl məfatihul-qeybiyyə əl-muzihatu lil-kəlimil-Quraniyyə vəl-hukəmil-Furkaniyyə” adlı təfsir kitabı ona şöhrət qazandıran əsərlərindəndir. Bu əsər İslam ədəbiyyatında Quranı təsəvvüfi üsulla təfsir edən ilk əsər hesab edilir. Əsər o dövrdə çox məşhurlaşıb. Baba Naxçıvaninin öz əli ilə yazdığı nüsxəsinin ikinci cildi Türkiyənin İstanbul şəhərindəki Topqapı Sarayının III Əhməd kitabxanasında saxlanılır.
 
Onun yazdığı "Şərhi-əsrarin-nöqtə”, "Hidayətül-ixvan”, "Təhqiqat”, "Vücudiyyə”, "Məcmuai-lətaif”, "Hidayə”, "Nikat”, "Mükaşəfə”, "Əsilə vəl əcibə” və sair kimi əsərləri də çox qiymətli yaradıcılıq nümunələridir. 
 
Naxçıvaninin yazdığı əsərləri yaşadığı dövrdə ziyalılar öz aralarında pul toplayaraq nəşr etdirib, əsərləri bir çox alimin inkişafının mayası olub. Hələ də Ağşəhərdə qəbri ziyarət edilən, hörmət və izzətlə anılan Baba Naxçıvani Türkiyədə böyük nüfuza malik şəxsiyyətlərdəndir. Onun adını daşıyan ümumtəhsil məktəbinin olması bunun bariz nümunəsidir. 
 
Ağşəhər bələdiyyəsinin ərazisində tikilən məktəbə Baba Nemətullah Naxçıvaninin adının verilməsi böyük marağa səbəb olub. Bu addım Nemətullah Naxçıvaninin həyat və yaradıcılığının öyrənilməsində yeni cığır açmaqla bərabər, insanların diqqətini Naxçıvana yönəldib.
 
"Möhtəşəm üslub gözəlliyinə sahib təfsir alimi” və "rəbbani elmlərdə mütəbahhir bir mütəsəvvüf” kimi tanınan alim Nəqşibəndi təriqətinin xəlvəti qoluna mənsubdur. Xəlvətiliyin əsas xüsusiyyəti "cəmiyyət içində xəlvətdə” yaşamaq olduğundan, Baba Naxçıvani də həyatının çoxunu tənhalıqda keçirmişdi. Onun haqqında məlumatların azlığı da bununla əlaqədardır. Xəlvətə çəkilməsinin ikinci səbəbi o dövrdə şeyxlik və fəqihlik adı ilə bəzi adamların xalqı aldatması və bu məqsədlə sərvət toplaması göstərilir.
 
Buna rəğmən Baba Naxçıvani öz dövrünün və sonrakı dövrlərin böyük nəqşibəndi şeyxi olaraq zikr olunur. Üsul və fiqhdə kamil şəxsiyyət olduğu və təsəvvüf ədəbiyyatı tarixinin ən gözəl sufiyanə təfsirini yazdığı bilinir.
 
Baba Naxçıvaninin ikinci əsəri "Şərhi əsrarin-nöqtə” adlanır. Uzun illər bu əsərin ona aid olduğu haqqında şübhələr vardı. Amma əsərin onun adıyla yeni nüsxələrinin tapılması bu şübhələri ortadan qaldırdı. Əsər vəhdəti-vücud anlayışının şərhindən ibarətdir.
 
Baba Naxçıvaninin üçüncü əsəri "Hidayətül-ixvan”dır. Bir növ təsəvvüf qardaşlığının islami fəlsəfəsini yaradan kitab çox qiymətli mənbə hesab edilir. Ərəbcə qələmə alınan əsər Türkiyədə tərcümə edilib nəşr olunmuşdu. 
 
"Hidayətül-ixvan”da alim çox ciddi islami kəlamları şərh edib, "Qurani-Kərim”in fərqli şəkildə təhlilini verib. Bununla yanaşı, hikmət sahiblərini, alimləri, filosofları İslama çox ciddi yanaşmağa çağırıb.
 
Baba Nemətullah Naxçıvani nəinki Naxçıvanı, həm də ölkəmizi ilahiyyat elmlərində tanıdıb. Beləliklə, Şərqdə bir çox sahələrdə olduğu kimi, ilahiyyat elmlərində də ilklər Naxçıvanın adı ilə bağlı olub.
 
Nərgiz İSMAYILOVA



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook