Qurban Qurbanov: "Futbolçular düşündüyümdən daha yaxşı oynadılar"
Sentyabr 13
01:22
2021
"Çox maraqlı oyun alındı. Hər iki komandanın futbolçuları alqışa layiq idi. Oyunçularımı təbrik edirəm. Düşündüyümdən daha yaxşı oynadılar. Uzun müddətdir ki, çempionatda bu qədər azarkeşin qarşısında oynamırdıq. Meydanda əsl futbol gördük".
"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın III tur oyunundan sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis bildirib ki, çempionatda fasilənin yaranması futbolçunun formasına təsir edir: "Çoxdandır birlikdə oynamırdılar. Bu gün qərar verdim ki, əsas heyət üzvləri birlikdə meydana çıxsın. İstər-istəməz yorğunçuluq olur. Oyunçular matçdan əvvəl bir dəfə normal məşq etmişdilər".
Qurbanov Konfrans Liqasının I turunda Bakıda qarşılaşacaqları İsveçrə "Bazel"i ilə oyun haqqında da danışıb: "Bazel"lə görüşdə futbolçular daha yaxşı ola bilər. Bu gün meydança ağır idi. Bu məni bir az narahat edirdi".
Təcrübəli baş məşqçi rəqibin görüşün sonlarında daha çox irəli atıldığını sözlərinə əlavə edib: "Əks-hücumçulara çıxsaq da, sonluq yaxşı alınmadı. Toral Bayramov yorulmuşdu, ona görə narahat idim. Əlbəttə ki, çatışmazlıqlar var. Təcrübəli futbolçular belə səhvlər etməməlidir. Səhvlər olanda bəzən sevindirici olur. Çünki belə olanda futbolçuları ələ almaq mümkündür".