SON XƏBƏR

Rafiq Tağının Herisçini özündən çıxaran məşhur yazısı

Noyabr 26
17:53 2016
Qlobal.az mərhum yazıçı Rafiq Tağının 13 avqust 2011-ci ildə "Azadlıq" radiosunun "Oxu zalı"nda yayımlanmış yazısını təqdim edir:
 
Millətimizi təhqirlərdən qoruyaq!
 
Kim olur olsun.
 
Bəşəriyyətin formalaşdırdığı əsaslı düzgün fikirlər var ki, biz onları aksiom kimi qəbul edir, ağzımızdan nə çıxırsa, onlarla tutuşdururuq.
 
Əsilliyimiz-nəcabətimiz də burda üzə çıxır, ağlımızın dərinliyi də bununla ölçülür.
 
Tabe olduğumuz, yox, hörmət etdiyimiz qanunlar da bəşəriyyətin bu düzgün fikirlərindən doğur.
 
Əks halda, hamımız ya kütləvi cinayətkar olar, ya da çölədüşmə dəli sayılardıq.
 
Qırxca yaşında yazmışdım ki, Həmid Herisçi olsa-olsa özünü yazıçı kimi elan edib. 50-sini keçib, əfsus, bunu hələ yenə elan edir.
 
Yazıçılıq onun beynində idefiksdir. "Birdən yazıçı olmaram" kompleksinin içindədir. Yeri gələndə, biz onu bəh-bəhlə yazıçı sayırıq da, neyləyəsən ki, özü xofludur. Hərçənd bu kompleks yox yerdən yaranmayıb.
 
Ümumiyyətlə, natamamlıq kompleksləri səbəbsiz olmur, həmişə də bizə məlum, ya naməlum qüsurlu həyat məqamlarına tam uyğun tərzdə ortaya çıxır.
 
Həmid bəy təbiətən, kimi deyim, məsələn, Şoloxov kimi, ya bizdə Aqşin kimi, sövqi-təbii yazıçı deyil, o kitab vərəqləri içində yaranmış bir canlıdır.
Əlbəttə, bu heç.
 
Dəryaza oxşar sual altında Həmidi yazıçı hesab etsək, orağa oxşar başqa bir sual ortaya çıxacaq: özü "konspiroloq" ola-ola, ölçüb-biçmədən hər şeyi deyib-danışmalıdırmı o?
 
Tutalım, səsini başına atmalıdırmı ki, şimali-azərbaycanlılar qeyri-ciddi adamlardır?
 
Özü də sən demə, həmişə bu fikirdə olub.
 
Ah, görən niyə, köklü-köməcli yox, bu daimi sindromoloji mübarizələr alnıma yazılıb...
 
Mən, Rafiq Tağı olaraq, özümü çıxıram, "Nəzir müəllim" maaşı ilə yeddi uşaq böyütmüş rəhmətlik atam da, 20 Yanvar şəhidləri də, müharibədə namusunu qorumaq üçün özünü qayadan atan qız-gəlinlərimiz, Milli Qəhrəman Mübariz İbrahimov da, Azərbaycan bayrağını təhqir etdiyinə görə ermənini qətlə yetirən
 
Ramil Səfərov da qeyri-ciddidirmi?
 
Nə əcəb, ucdantutma hamımız?.. Bəlkə ciddi sayılmaq üçün Təbrizdəki kimi uşaqlı-böyüklü ayaqqabı qoxulu məscidlərə doluşub teatral müsibətlər çəkməliyik?
 
Ancaq buna da şükür, yuxarılarımız əxlaqsız olsa da, Həmidin sözünə qüvvət, barı xəritədə aşağılarımızsa əxlaqlıdır. Əxlaq üçün də elə ən əsas aşağılardır.
 
Tanıdığımca belədir: Həmidin məntiqdən kənar postulatları bir-iki sualla darmadağın olur.
 
Mən hələ ona insafla yanaşıram. Salam-kalamımız var. Bir də psixolojisi etibarı ilə onu abortiv saydığıma görə.
 
Axı, biz necə qeyri-ciddi adamlarıq ki, rəhmətlik atası buraya cındırından cin ürkən inqilabçı kimi gəldi, görkəmli alim kimi yetişdi.
 
O, ciddi adamlardan qaçıb qeyri-ciddi adamlara sığındı. Həmid bəlkə Qafar Kəndlini alim saymadığına görə də Şimali Azərbaycan alimlərini alim saymır.
 
Həmid, yoxsa Təbrizdə-Ərdəbildə alim alimin belinə minib? Amma mən biləni, orda yalnız imam-cümələrə alim deyirlər.
 
Bəlkə İranda alimlər dünyəvi kəşfləri ilə bəşəriyyəti irəli atıb, insanlığı göyə tullayıb?
 
Həmid bəy, sizin qeyri-ciddi saydığın adamlar Azərbaycanı Şərq bataqlığından çıxarıblar.
 
Göbək ciyən İranla bağlı olduğundandır ki, hələ də ictimai faydasız dini məktəblər arzusundasan. Vallahi-billahi, sakvoyajı çiynində, küçədən keçən adi bir vətəndaş bu sarıdan səndən mütərəqqidir.
 
Dinin dövlətdən ayrı olduğu bir cəmiyyətdə bu arzu anaxronizmdir, dostum Həmid. Antikonstitusion Həmid bəy, o boyda İranda Mirzə Fətəli Axundov nəhənglikdə insan varmı?
 
Mənə islam alqışçısı olan, inama əsaslanan yalançı alimləri misal çəkməyəsən. Mən onları olsa-olsa din təsdiqçiləri-təsbitçiləri saya bilərəm.
 
Onların yüz il sonra da nə deyəcəkləri indidən bəlli.
 
Şimali Azərbaycan insanı öz talantlı və nəcibliyi ilə ciddidir. Axtarsan, korrupsionerimiz də ciddidir, canimiz də: milli dəyər daşıyıcılarıdır.
 
Bizdə talantın çoxluğundan, onun tətbiqinə yer tapılmadığından korrupsioner olurlar. Ancaq düzələcək bu.
 
Cinayətlərimizin əksəriyyəti əxlaq və mənəviyyat motivlidir.
 
Azərbaycanın yeganə qeyri-ciddi insanı bəlkə elə Həmid Herisçinin özüdür.
 
Həmid artıq təzə bir yolda: az qala içində dükana borclar yazılmış örtülü dəftəri də konspiroloji sayır.
 
Ayətullah Behiştini kim öldürdüyünü bilməsi ilə öyünür. İran qapalı dövlət olduğundan, Təbrizin qeyri-şəffaf mühitində bu fakt açıqlanmır deyə, biz də bunu bilmirik. Öz sağlığında ayətullah Behiştinin varlığı aktual olmadığı halda, bizim üçün onun öldürülməsi niyə aktual olmalıdır?
 
Ayətullah Behiştinin ölümü ancaq və ancaq kriminalistik-detektiv fakt olaraq qiymətli sayıla bilər.
 
Burda heç bir konspirologiya yoxdur: onu hipotetik qatil öldürüb, di vəssalam.
 
Amma Həmid Herisçi Cənubumuzun qatillərini Şimalda niyə idealizə etsin? "Günəş altında heç nə yeni deyil", Həmid bəy. Özü də bundan əlini üz, qatillər haqqında bilgilərlə yazıçılıq təsdiqlənmir.
 
Həmid istəyərsə, fakt-zad toplamadan, bu konuda ona yüzlərlə süjet bağışlaya bilərəm. Yazıçı ideyanı yerlərdən yox, göylərdən alır, bloknotdan yox, efirdən götürür.
 
Həmid bəy, qatil ən yaxşı halda inqilabçıdır. İnqilabçılarsa hökmən qatildir.
 
Şimali Azərbaycanda "sovet sosialist respublika"sını idealizə olunmuş qatillər törətməmişdimi?
 
Həmid bəy, sənin öz qeyri-ciddiliyin ovqata uyğun filosof olmağındadır. Oxuduğun kitablara uyğun müvəqqəti ideoloqsan.
 
Aludə olmadığın beynəlxalq güc yoxdur. Həqiqətin yox, güc fəlsəfəsinin daşıyıcısan. "Güc"lərdən avtonomiya ala bilmirsən. Həmid bəy, sən institut qurtarmamış bilikli bir oğlansan, qiymətin bu. Biliklərin də, tənzimli olmadığından, lüzumsuz və mənasız görsənir.
 
Biliklər yığnaq şəklində yox, yalnız harmoniyada gözəl və faydalı olur.
 
Demokrat, islamçı, dini fundamentalist, inqilabçı, millətçi, trotskist, modernist, postmodernist, konspiroloq – bunlar inkişaf xətti deyil, "qeyri-ciddi şimali-azərbaycanlılar"dan şöhrət qoparmaq cəhdidir.
 
Həmid Herisçi postmodernizmi Azərbaycana özü gətirdiyini söyləyir. Guya indi də onu geri aparır.
 
Həmid postmodernizmi Azərbaycanda demontaj edir. Deməmişkən, bizdə o, postmodernizmin sahibidir.
 
Amma Həmid bəy, belə düşüncə tərzi həm gülməli, həm də bir az ayıbdır. Azərbaycanda da postmodernizm zamanın diktəsidir, heç kəsin şəxsi mülkiyyəti deyil. Dünya qloballaşmada.
 
Postmodern baxış qloballaşmanı ehtiva edir. Postmodernizm bizdə təbii gəlişir, intişar tapır, özü də təkcə ədəbiyyatda yox. Kimsə onu bura gətirməyib, apara da bilməz.
 
Həmid Herisçi olaraqsa bir tək sən təbii yox, yalnız nəzəri cəhətcə postmodernist oldun - süni və effektsiz.
 
Biz qloballaşmanın Azərbaycanda yerişlərini bəyənirik. Qloballaşma qorxunc yəcuc-məcucların, əcinnələrin məhvi deməkdir. Hə, vacibdir bu.
 
Qloballaşmada insan dəyər qazanır. Qloballaşma bəşəriyyətin dərin qaranlıqlardan gəlib birbaşa üstünə çıxdığı işıqdır. İnsanları məngənədə sıxan Şərq diktatorları bir-bir çökmədə.
 
Bəşəriyyət vahid orqanizmdir, hər hansı monstr onun bir hissəsini amputasiya edə bilməz.
 
Həmid bəy, biz İranda insanları edam edilməsini ciddi saya bilmərik.
 
Yaradandır ciddi.
 
Yaşadandır ciddi.
 
Harmoniya düzənləyənlərdir ciddi.
 
Həmid Herisçi deyir: biz Azərbaycana xaos gətirdik. Bəyəm xaos vacib idi ki, onu gətirirdin?
 
Amma sən Azərbaycana xaos yox, balaca sınıq fincan da gətirə bilməzsən. Fındıq, ya dişqurdlayan biznesi qurmaq iqtidarında da deyilsən.
 
Çünki sözün var, eşidilmir. Dinirsən, dinmirlər. Qardaş, postmodernizm xaos deyil, əksinə, cəmiyyətin özünü təzələməsi, ehtimal edilən xaosdan uzaqlaşmaq cəhdi, yeni tənzim üslubudur. Həmid, Azərbaycanda səndən başqa heç kəs xaosu sevmir.
 
İnsanlığın da bütün hərəkətləri xaosu rəf etməyə yönəlib.
 
Amalı xaos olanların kamalı qüsurludur.
 
Yadıma düşdükcə deyirəm. ...Qoy Həmid bəydən bir də soruşaq: XX əsrdə 3-4 yarıtmaz-yarımçıq inqilab etmiş, hələ də öz dilində yazıb-oxumaq ixtiyarı qazanmamış "konspiroloji" təbrizlilərdirmi ciddi? İslam və ümmətçilik dairəsində kor qalmış iranlı-cənublularımızdır ciddi, ya daha geniş təfəkkürlü axundov-cəlilməmmədquluzadə-sabirlərimiz?
 
Həmid deyir: Mirzə Fətəli Axundov və Cəlil Məmmədquluzadədən Avropada çoxdur. Onda Rable, Molyer, Bomarşe və Qoqoldan, Bayron və Puşkin, Şiller və
 
Hötedən də bizdə çoxdur. Ümumən, bu yanaşma qeyri-professional və vulqarcasınadır.
 
Həmidin başqa postulatı: xalqımız məzhəkəçiliyə meyllidir və qeyri-ciddidir bu. Əksinə, Həmid bəy, faciə içrə belə gülməyi bacaran millətlər böyük olur.
 
Komedik baxış faciələrin ölümüdür.
 
Ağlamaq həmişə asan, gülmək həmişə çətindir.
 
İrandakı "ciddi" adamların şəbihlərdə saxta ağlaşma qurmağındansa, bizim təbii gülməyimiz daha əfzəldir.
 
Qələbə gülənlərindir.
 
Həmid Herisçi ömrü boyu dodaqqaçdı bir şey yaza bilməz.
 
Onun üçün həyat ancaq ağlamaqdır. Çünki "ciddi"dir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook