“Ramiz Quliyev: Səslən, tarım” miniatür kitabı çapdan çıxıb
May 10
23:56
2016
Miniatür Kitab Muzeyi tərəfindən hazırlanan "Ramiz Quliyev: Səslən, tarım” miniatür kitabı "İndigo” nəşriyyatında nəfis tərtibatla çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və rus dillərində hazırlanmış kitab Məhəmmədhüseyn Şəhriyarın 1987-ci ildə Ramiz Quliyev haqqında söylədiyi aşağıdakı fikirləri ilə açılır: "Tarix boyu yetişən min bir çeşidli qılınc, qəhrəman, şücaət, qələm, söz və saz ustaları kimi, ustad Ramiz, sənin adını tarixdə görürəm.
Təbrizdə qəlbimdə görürəm. Sənin kimi bir övlad yetişdirən ana bəxtiyardır. Səni yetirən vətən xoşbəxtdir. Tarının sədaları həmişə qulağımda səslənir.
Azərbaycanı mizrabının gücü ilə dünyaya tanıdan oğul, səni bağrıma basıb gözlərindən hörmətlə öpürəm”.
Kitab elmi auditoriyanın və ictimaiyyətin tanınmış simalarının bir-birindən dəyərli fikirləri ilə zəngindir. Xalq Artisti, Dövlət Mükafatı laureatı, professor Ramiz Quliyev sənəti haqqında dünyanın məşhur musiqişünas alimlərindən əlcəzairli Əl Səid Ciddinin, fransız Jan Durinqin, amerikalı İzaliy Zemtskovskinin, Almaniya Ənənəvi Musiqi Şurasının prezidenti E.Ştokmanın, eləcə də ölkəmizin korifey sənətkarlarından bir çoxunun ürək sözləri kitabda öz əksini tapıb.
Nəşrdə diqqəti çəkən yazılardan biri Ariz Abduləliyevin 2014-cü ildə "Musiqi dünyası” jurnalının 3-cü nömrəsində dərc edilmiş "Ramiz Quliyev. Azərbaycan Dövlət Mükafatına layiq görülən ilk professional tar ifaçısı” məqaləsidir. Burada Azərbaycan tar ifaçılığı sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mühüm xidmətləri vurğulanıb. Həmçinin Xalq Artisti, professor Ramiz Quliyevin qədim və ulu tar ifaçılıq ənənələrimizin layiqli davamçılarından biri olduğu diqqətə çatdırılıb.
Qeyd edilib ki, R.Quliyevin Azərbaycanın Dövlət Mükafatına layiq görülməsi barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı yüksək səviyyəli sənətkarlığı ilə milli ifaçılıq sənətinə nailiyyətlər qazandıran tarzənin xidmətlərinə dövlət səviyyəsində göstərilən qayğı və diqqətin təsdiqidir.
Miniatür kitabda Xalq Şairi Bəxtiyar Vahabzadənin "Ürək sözlərim”, akademik Vasim Məmmədəliyevin "Çağdaş Azərbaycan tar ifaçılığının zirvəsi”, Xalq Artisti Vasif Adıgözəlovun "Ustad tarzən”, Xalq Artisti Azər Rzayevin "Ramiz çalğısının sədası” məqalələri, Ramiz Quliyevə həsr edilmiş şeirlər də dərc edilib.
Ümumilikdə 303 səhifədən ibarətdir miniatür kitabın ölçüsü 54x60 millimetrdir. Nəşrdə ustad sənətkarın tarı ilə dünya səhnələrində keçirdiyi günlərin müəyyən anlarını əks etdirən 30 fotoşəkil yer alıb.Qlobal.az