Rasim Məmmədovun Aygün Kazımovadan aldığı evə də həbs qoyuldu
Noyabr 19
00:18
2022
"Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Qlobal.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda sənədlər elan olunub.
Üzərinə həbs qoyulmuş əmlaklardan biri Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbidir. Bazar dəyəri 22 milyon 487 min 150 manat qiymətləndirilmiş məktəbin həmtəsisçisi Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır.
Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən şirkətin avadanlıqları və torpaq sahəsinin qiyməti isə 30 milyon 800 min manat təşkil edib.
Əmlaklarla bağlı sənədlərə baxış zamanı Rasim Məmmədov həbs qoyulmuş Bakı Oksford Məktəbinin 50 faizinin onlara digər hissəsinin isə adını çəkmək istəmədi başqa şəxsə aid olduğunu deyib. O, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində yerləşən mənzilin isə qayınatasından miras qaldığını bildirib. Rasim Məmmədov həbs qoyulmuş Nəsimi rayonu, "Təzə bazar”ın yaxınlığında yerləşən iki evdən birini Xalq artisti Aygün Kazımovadan aldığını deyib:
"Evi Aygün Kazımovadan 2009-cu ildə almışam. Həmin binada nazirdən tutmuş müğənniyə qədər yaşayanlar var idi”.
İttiham olunan şəxsin vəkili Zibeydə Sadıqova və Pərviz Məmmədov isə müvəkkilləri ilə yanaşı bir sıra şəxslərin də əmlakları üzərinə həbs qoyulmasının əsassız olduğunu deyiblər.
"Həmin əmlakların cinayət yolu ilə əldə olunmasına dəlalət edən heç bir sübut ortaya qoyulmayıb”, vəkillər əlavə edib.
Poses noyabrın 21-də davam etdiriləcək.