SON XƏBƏR

Ravvin: Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələri nümunəvi xarakter daşıyır

Yanvar 26
21:13 2016
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Los Ancelesdə yerləşən Simon Visental Mərkəzinin nümayəndəsi ravvin Abraham Kuperi qəbul edib.
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə E.Məmmədyarov Azərbaycanda yəhudi icmasının əsrlər boyu müxtəlif dini konfessiyaların nümayəndələri ilə dinc, yanaşı yaşadığını bildirərək, ölkəmizdə dini etiqad azadlığının yüksək səviyyədə təmin olunduğunu diqqətə çatdırıb. O, Azərbaycan xalqının yüksək tolerantlıq mədəniyyətinə malik olduğunu qeyd edərək, multikulturalizm və tolerantlığın Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb və ölkəmizin mədəniyyətlər və dinlərarası dialoqun qlobal səviyyədə təşviqi məqsədilə bir çox mötəbər tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb.
 
A.Kuper ölkəmizlə ilk tanışlığının 1972-ci ilə təsadüf etdiyini bildirərək, Azərbaycana yenidən səfər etməsindən məmnunluğunu ifadə edib. O, ötən dövr ərzində ölkəmizin sürətli inkişafa nail olduğunu qeyd edərək, Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin nümunəvi xarakter daşıdığını vurğulayıb.
 
Ravvin ölkəmizdə dini azadlığın yüksək səviyyədə təmin olunmasını, Azərbaycanda fəaliyyət göstərən bütün dinlərin nümayəndələrinə bərabər şəraitin yaradılmasını yüksək qiymətləndirərək bu barədə ABŞ, eləcə də dünya ictimaiyyətinin məlumatlandırılmasının zəruriliyini diqqətə çatdırıb. Görüş əsnasında dinlərarası münasibətlər, qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook