SON XƏBƏR

Rəsmi Tehran: “Avropa nüvə sazişini xilas edəcək”

Noyabr 19
15:47 2018
Bu ilin mayında ABŞ-ın birtərəfli qaydada İranla nüvə sazişindən çıxmasına baxmayaraq, Tehran ümid edir ki, digər böyük güclərlə əməkdaşlıq nəticəsində sazişi xilas etmək mümkün olacaq.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi bu gün keçirdiyi mətbuat konfransında deyib.

"İranla ticarəti ABŞ-ın sanksiyalarından qorumaq üçün Avropa İttifaqının təşəbbüs göstərdiyi mexanizmin tətbiqi ilə bağlı bəzi qeyri-müəyyənliklər var. Lakin biz ümid edirik ki, Avropa ölkələri sazişi xilas edə biləcəklər. Biz Avropadan xüsusi şirkəti mümkün qədər tez yaradacağını gözləyirik. Nüvə sazişinin digər iştirakçıları öz öhdəliklərinə əməl etdikcə, İran da özününkünə sadiq qalacaq”, – İran XİN-in rəsmisi bəyan edib.

Xatırladaq ki, sentyabrın sonlarında BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda görüşən Rusiya, Çin, Almaniya, Böyük Britaniya və Fransa xarici işlər nazirləri Tehrandan təbii qaz və neft idxalına dair ödəmələr daxil olmaqla, ümumi ticarət əməliyyatlarının asanlaşdırılması və İranda bizneslə məşğul olan şirkətlərinin ABŞ sanksiyalarından qorunması üçün xüsusi ödəniş kanallarının yaradılmasını nəzərdə tutan yeni bir maliyyə mexanizminin formalaşdırılması barədə razılığa gəliblər.

Lakin ötən həftə avropalı diplomatlar "Reuters”ə bildiriblər ki, Brüssel bu ay ərzində mexanizmi işə salmağa çalışsa da, İttifaqa üzv olan dövlətlər bu mexanizmin leqallaşdırılması üçün lazım olan xüsusi şirkətin qeydiyyatını öz yurisdiksiyalarına almaq istəməyiblər.(azvision.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook