Respublikada ilk dəfə çəhrayı barama yetişdirilib
İyul 18
17:32
2016
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şəki Regional Elmi Mərkəzində rəngli barama yetişdirilməsi istiqamətində aparılan tədqiqat işlərinin ilkin mərhələsi uğurla başa çatıb. Belə ki, bu il Mərkəzin İpəkçilik laboratoriyasında respublikamızda ilk dəfə çəhrayı rəngdə barama yetişdirilib.
Son dövrlər aparılan tədqiqat işləri ona istiqamətlənib ki, ipək parçaları rəngləmək üçün əlavə rəng maddəsi lazım olmasın.
AZƏRTAC-ın müxbiri tədqiqat işlərinin gedişi ilə daha yaxından tanış olmaq məqsədi ilə Elmi Mərkəzdə olub, qurumun rəhbəri və əməkdaşları ilə görüşüb.
Azərbaycanlı alimlərin uğurlu tədqiqat işi
Elmi Mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlünün sözlərinə görə, rəngli barama yetişdirilməsi istiqamətində tədqiqat işləri AMEA Fizika İnstitutunun nəzdindəki Biofizika və Smart Materiallar Mərkəzinin yaxından köməyi ilə həyata keçirilib. İnstitutun alimləri rəng maddəsinin seçilməsi və dozasının müəyyənləşdirilməsində iştirak edib, təcrübələrə qatılıblar.
Smart Materiallar Mərkəzinin rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Oqtay Qasımov isə bildirib ki, tədqiqat işləri Azərbaycan-İtaliya birgə layihəsi çərçivəsində aparılır. Tədqiqat işləri zamanı rənglərin biosintez vaxtı fibroinə daxil olması, fotofizikasının dəyişməsi prosesləri, eyni zamanda, zülalın strukturu, radaminlə birləşmə xüsusiyyətləri və digər məsələlər öyrənilir. Məqsəd rənglərin fotostabilliyini artırmaq və gələcəkdə onları lazer sistemlərində tətbiq etməkdir.
Son dövrlər aparılan tədqiqat işləri ona istiqamətlənib ki, ipək parçaları rəngləmək üçün əlavə rəng maddəsi lazım olmasın.
Şəki Regional Elmi Mərkəzin rəhbəri Yusif Şükürlü qeyd edib ki, hazırda ipəkçilikdə istifadə olunan ağ rəngli baramanın özü alimlərin apardıqları tədqiqat işlərinin nəticəsində əldə olunub. Ancaq son dövrlər aparılan tədqiqat işləri ona istiqamətlənib ki, ipək parçaları rəngləmək üçün əlavə rəng maddəsi lazım olmasın. Çünki ipəkçilikdə rəngləmə prosesinə sərf olunan rəng maddələrinin alınması üçün ətraf mühitə küllü miqdarda tullantı atılır, ekoloji mühit çirkləndirilir. "Ona görə də ipəkqurdunun yemlənməsi dövründə az miqdarda rəng maddəsi verilərsə, o zaman maddənin özü molekulyar səviyyədə fibroinin tərkibinə daxil olur, ona yapışır və üzərində qalır. Regional bölmənin də əsas məqsədi rəngli barama almaq və gələcəkdə rəngli kəlağayı istehsalında ondan istifadə etməkdir”, - deyə Yusif Şükürlü bildirib.
Gələcəkdə yaşıl, göy və digər rənglərdə barama yetişdiriləcək
Mərkəzin rəhbərinin bildirdiyinə görə, dünyada belə bir təcrübə var və bir çox ölkələrdə rəngli barama yetişdirilir. İndi əsas məqsəd rəngli fibroinin alınması üçün texnologiya işləyib hazırlamaq və istehsalata tətbiqinə nail olmaqdır. Gələcəkdə Mərkəzdə yaşıl, göy və digər rəng çalarlarında da barama yetişdirilməsi planlaşdırılır.
Rəngli baramanın alınması məqsədilə aparılan tədqiqat işlərində Regional Elmi Mərkəzin İpəkçilik Laboratoriyasının əməkdaşları yaxından iştirak edirlər. Mərkəzin tut ipəkqurdu seleksiyası şöbəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Qüdrət Bəkirov AZƏRTAC-a bildirib ki, şöbənin əsas işi yerli şəraitə uyğun məhsuldar tut ipəkqurdu növləri, hibridlər yaratmaq və istehsalata tətbiq etməkdən ibarətdir. Aparılan təcrübələr nəticəsində yarpağa rəng maddəsi tətbiq etməklə artıq rəngli barama yetişdirilməsinə nail olunub. Seleksiya işlərinin növbəti mərhələsində rəng maddəsinin genə keçib keçmədiyi, bu dəyişkənliyin mutasiya və modifikasiya dəyişkənliyi olması aydınlaşdırılacaq.
Qlobal.az