Rikard Skufias: TAP layihəsi Avropa üçün daha davamlı enerjinin gələcəyini təmin edəcək
May 23
19:00
2017
Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan "Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsi qitə üçün daha davamlı enerjinin gələcəyini təmin edəcək.
TAP səhmdarlarının pay bölgüsü belədir: BP (20 faiz), "Cənub Qaz Dəhlizi” QSC (20 faiz), "Snam S.p.A.” (20 faiz), "Fluxys” (19 faiz), "Enagás” (16 faiz) və "Axpo” (5 faiz).
Bunu TAP-ın Yunanıstan üzrə meneceri Rikard Skufias deyib.
O bildirib ki, Cənub-Şərqi Avropa "Cənub Qaz Dəhlizi”nin ən faydalı ola biləcəyi bir regiondur: "Bu ona görədir ki, həmin regionda bazarların çoxu qazı böyük həcmdə istifadə edirlər. Ona görə də, TAP layihəsinin reallaşdırılması daha davamlı enerjinin gələcəyinin təmin edilməsinə və karbon emissiyasının azaltmağa imkan verəcək”.
"Yunanıstanın Kavala, Saloniki və Aleksandropulis limanlarına boruların daşınması davam edir. Boru kəmərinin Yunanıstandan keçən 550 kilometrlik hissəsi üçün lazım olan 32 min borunun təqribən 66 faizi tikinti sahələrinə çatdırılıb. Həmin boruların ümumi çəkisi 323 min tondur”, - deyə o qeyd edib.
TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan "Cənub Qaz Dəhlizi”nin seqmentini təşkil edir. Təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulan TAP-ın inşası üzrə işlərin 40,3 faizi görülüb. Layihənin ümumi dəyəri 4,5 milyard avrodur. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxildir.Yunanıstanda TAP kəməri marşrutu üzrə indiyədək 270 kilometr ərazi təmizlənib, xətt boyunca 234 kilometr boru düzülüb. Boruların 203 kilometri qaynaq edilib. Eyni zamanda, 165 kilometr xəndək qazılıb, 134 kilometrlik hissədə borular xəndəyə endirilib. Artıq xəttin 115 kilometrlik hissəsində borular qaynaq edilərək torpağa basdırılıb. Xətt boyunca 21 kilometr sahə isə tamamilə əvvəlki vəziyyətinə gətirilib.
Hazırda Yunanıstanda layihə üzrə 2 min 500 nəfər çalışır. Onlardan 400-ü arxeoloq və bu sahədə ixtisaslaşmış işçilərdir. Layihənin həyata keçirilməsinə 176 yunan şirkəti cəlb olunub.
Boru kəmərinin inşası çərçivəsində Yunanıstanda ilk hidrosınaq bu ay uğurla başa çatıb. Bu sınaq kəmərin təhlükəsizliyini yoxlamaq üçün metoddur. Belə ki, boru kəməri su ilə doldurulur və ona nəzərdə tutulan təzyiqindən daha çox təzyiq vurulur. Hidrosınaq boru kəmərinin Yunanıstan üzrə ilk 1,4 kilometrlik hissəsini əhatə edib. Bu, tikinti prosesində çox mühüm addım sayılır. Çünki həmin sınaq texniki cəhətdən layihənin bir nömrəli prioriteti kimi tanınan boru kəmərinin təhlükəsizliyini təsdiq edir.
"Şahdəniz” konsorsiumu layihə çərçivəsində ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən bir il sonraya, 2020-ci ilin əvvəllərinə planlaşdırılır. Artıq Yunanıstan və Albaniyada kompressor stansiyalarının tikintisi gedir. Albaniyada 70 kilometrdən çox, Yunanıstanda isə 203 kilometr boru qaynaq edilib.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamıdır. Bu kəmər Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri Yunanıstanın Türkiyə sərhədində TANAP-la birləşəcək. Daha sonra Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə - Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxaraq bu ölkənin qaz nəqli şəbəkəsinə bağlanacaq.
Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün geniş imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan – 550 kilometr, Albaniya – 215 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya – 8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə 37 düym). Onun ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdən, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. TAP-ın inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq.TAP səhmdarlarının pay bölgüsü belədir: BP (20 faiz), "Cənub Qaz Dəhlizi” QSC (20 faiz), "Snam S.p.A.” (20 faiz), "Fluxys” (19 faiz), "Enagás” (16 faiz) və "Axpo” (5 faiz).