Rusiya 4 il olimpiada və böyük yarışlardan kənarlaşdırılıb
Dekabr 09
15:44
2019
Dopinq qalmaqalı yeni vüsət alıb
Ümumdünya antidopinq agentliyinin (WADA) İcraiyyə Komitəsi dekabrın 9-da Rusiyanın dörd il müddətinə bütün olimpiada və böyük idman yarışlarından kənarlaşdırılmasını tövsiyə edib.
Məlumatı "Nastoyaşeye vremya” nəşri paylaşıb.
Bununla yanaşı Rusiya dörd il ərzində beynəlxalq yarışların təşkili üçün müraciət edə bilməz.
Məlumatda bildirilir ki, qərar yekdilliklə qəbul edilib.
Qərara əsasən, Rusiyadan olan idmançılar ardıcıl olaraq iki Olimpiada zamanı (qış və yay) neytral geyimdə çıxış etməlidirlər. Hər hansı bir yarış növündə qalib gəldikdə isə, medal təqdim olunan zaman ölkənin bayrağı qaldırılmayacaq, himni səsləndirilməyəcək. Bundan başqa yarışlara Rusiyanın rəsmi şəxsləri buraxılmayacaqlar.
Eyni qərarı FİFA və UEFA da verə bilər.
WADA-nın qərarına səbəb 2014-cü ildə Soçi Qış Olimpiadası zamanı Rusiya idmançılarının dopinq qalmaqalıdır. Belə ki, təşkilat Rusiya hakimiyyətini kütləvi olaraq antidopinq qanunlarının pozulmasında ittiham edib.