Rusiya hərbçiləri 61 ukraynalı əsiri güllələyib – Ukraynanın Baş prokuroru açıqladı
İyun 05
17:48
2024
2022-ci ilin əvvəlində Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Rusiya ordusu azı 61 ukraynalı hərbi əsir öldürüb.
Ukraynanın Baş prokuroru Andrey Kostin bildirib ki, bu, təsdiqlənmiş məlumatlardır. Onun sözlərinə görə, 61 hərbi qulluqçunun məhkəməsiz edam edilməsi ilə bağlı 27 cinayət işi araşdırılır. Artıq işlərdən biri üzrə hökm çıxarılıb, daha bir neçəsi məhkəmədədir.
Rusiyada əsirlikdə olan 2200 ukraynalı əsgər qurban kimi tanınıb. Onlardan 500-dən çoxu dindirmə zamanı fiziki zorakılıq, o cümlədən elektrik enerjisi ilə işgəncələrə məruz qaldığını bildirib.Kostinin sözlərinə görə, əsir götürülən bütün ukraynalı əsgərlər "qeyri-insani şəraitdə” saxlanılır, bir çoxları, məsələn, ukrayna dilindən istifadə etdiklərinə görə işgəncələrə məruz qalırlar və onlara tibbi yardım göstərilmir.
Kostin həmçinin bildirib ki, Rusiyanın 15 regionunda əsirlərin saxlanıldığı ən azı 25 obyekt müəyyən edilib. Ukrayna hakimiyyətinin məlumatına görə, burada Ukrayna hərbçiləri sistematik şəkildə işgəncələrə məruz qalıblar.