Rusiya terrorda ittiham olunur
Mart 13
11:31
2018
Böyük Britaniya ilə Rusiya arasında kəskin qalmaqal yaranıb. Martın 12-si ölkə parlamentində çıxış edən baş nazir Tereza Mey Moskvanı Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalı qızı Yuliya ilə birlikdə zəhərləməkdə ittiham edib.
66 yaşlı Sergey Skripal və qızı martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə tapılıblar. 12 mart bəyanatında Tereza Mey qeyd edib ki, Sergey Skripal və qızı Rusiyada istehsal edilən, sinir iflici törədən xüsusi maddənin təsirindən zəhərləniblər. Onların vəziyyəti ağırdır.
Rusiyanı qəsddə ittiham edən Tereza Mey məsələyə aydınlıq gətirilməsi üçün Moskvaya martın 13-ü axşamadək vaxt verib. Bu bəyanatın ardınca ABŞ-ın dövlət katibi Reks Tillerson da Sergey Skripala qəsddə Rusiyanı günahlandırıb.
Novator.az bildirir ki, Sergey Skripal 2004-cü ildə Rusiyada həbs olunub. 2006-cı ildə Moskva Dairə Hərbi Məhkəməsi Sergey Skripalı dövlətə xəyanətə və Böyük
Britaniyanın xeyrinə casusluğa görə 13 il müddətinə azadlıqdan məhrum edib. İttihama görə, o, dövlət sirri olan məxfi məlumatları, eləcə də xaricdə işləyən Rusiya agentləri haqqında məlumatları təxminən 10 il ərzində Böyük Britaniyanın xüsusi xidmət orqanlarına ötürüb. İngiltərə kəşfiyyatının Sergey Skripalı casusluğa 1990-cı illərin ortalarında cəlb etdiyi açıqlanıb. Onun 1999-cu ildə istefaya çıxandan sonra da casusluğu davam etdirdiyi bildirilib.
2010-cu ildə tutulan bir çox kəşfiyyatçı dəyişdirilən zaman Sergey Skripal Böyük Britaniyaya təhvil verilib və orada sığınacaq alıb.