SON XƏBƏR

Rusiya və Azərbaycan arasında regional əməkdaşlıq Qafqazın inkişafı ilə nəticələnəcək

May 31
23:39 2016
Rusiya və Azərbaycan arasında münasibətləri haqlı olaraq qardaş münasibətləri adlandırırlar. Bu gün Azərbaycanın Qafqazdan Uraladək Rusiya regionları ilə güclü əlaqələrinin olması buna əyani faktdır və bu əməkdaşlıq davamlı olaraq yalnız iki dövlətin iqtisadiyyatını deyil, həm də dostluq münasibətlərini gücləndirir.
 
Bu fikirlər Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun mətbuat mərkəzinin məlumatında yer alıb. Məlumatda daha sonra qeyd olunur ki, bu, Azərbaycan və Dağıstan arasında əlaqələrdə xüsusilə aydın görünür. Azərbaycan və Dağıstan xalqların arasında çoxəsrlik əlaqələr, inkişaf və təhlükəsizlik sahəsində ortaq maraq ən yüksək səviyyədə daimi humanitar və iqtisadi əlaqələr üçün əsas yaradıb. Bir neçə gün əvvəl Bakıda Dağıstan Günləri keçirilib və bu böyük tədbir Azərbaycanın siyasi həyatında mühüm hadisələrdən biri olub. Əməkdaşlığın yeni yolları ilə bağlı çoxsaylı danışıqlarda ölkənin ən yüksək vəzifəli şəxsləri iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovu qəbul edib. Bu görüşdə Prezident İlham Əliyev vurğulayıb: Azərbaycan və Dağıstan arasındakı əlaqələrin strateji xarakter daşıyan ikitərəfli Azərbaycan-Rusiya münasibətlərinin inkişafında mühüm rolu var.
 
Əlbəttə, bu münasibətlərdə xüsusi yeri iqtisadi əlaqələr tutur. Bu gün Dağıstanda Azərbaycanla həm kiçik, həm də çox böyük birgə layihələr həyata keçirilir. İri layihələrə Rusiyanın "CaspianInvestGroup”un regionda inşa edəcəyi istixana kompleksi, logistika mərkəzi və Azərbaycan Ticarət Evi daxildir. Bu barədə Dağıstan Sahibkarlıq və İnvestisiyalar Agentliyinin rəhbəri Bəşir Maqomedov və "CaspianInvestGroup”un rəhbəri Aydın Hüseynov arasında müqavilə imzalanıb. Layihənin həyata keçirilməsi təxminən 4 il davam edəcək və onun sayəsində Rusiya tələb olunan miqdarda, həm də müvafiq ekoloji standartlara cavab verən keyfiyyətli meyvə və tərəvəzlə təmin olunacaq.
 
Məlumatda deyilir: Bu, yalnız başlanğıcdır. Xəzəryanı ölkənin lideri iş adamlarını açıq şəkildə yaxın qonşunun iqtisadiyyatına investisiya qoymağa təşviq edir. Öz növbəsində, Ramazan Abdulatipov uğurlu iş üçün investorları hər cür, o cümlədən şəxsi zəmanətlə təmin etməyə hazırdır: "Effektiv layihə təqdim edən və qanuni çərçivədə işləyəcək hər sahibkara şəxsi telefon nömrəmi verəcəyəm. Əgər hansısa məmur maneələr yaradarsa, qoy sahibkar şəxsən mənə zəng etsin, hadisə yerinə operativ qrup göndərəcəyəm”.
 
Lakin aydındır ki, prosesi əl rejimində idarə etmək olmaz. Buna görə də Dağıstan və Azərbaycanda "yaşıl dəhlizlər”in və əlavə buraxılış məntəqələrinin yaradılması, daha səmərəli işin təşkili ilə əlaqədar idarələrarası məlumat mübadiləsi gedir. Əlbəttə, Rusiyanın bu regionu bəzi məsələləri sərbəst şəkildə həll etməyə qabil deyil, lakin bütün qarşılıqlı faydalı təşəbbüslərə Rusiya Prezidenti tərəfindən dəstək veriləcəyinə inam var.
 
Rusiya- Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev bildirir: "Prezident Vladimir Putin və Prezident İlham Əliyev ölkələrimiz arasında uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığa, həm geosiyasi, həm də iqtisadi və humanitar əməkdaşlığa kökləniblər. Bu baxımdan regionların Azərbaycan Respublikası ilə əlaqələri ölkələrimizin rifahına, qarşılıqlı etimad və dostluq əlaqələrinə müsbət təsir göstərir. Dağıstan bu mənada xüsusilə əyani misaldır. Qafqaz - Rusiya və Azərbaycanın ortaq evidir və bu bölgə inkişaf etməli, təhlükəsiz olmalıdır. Buna görə də Azərbaycanın Dağıstan iqtisadiyyatına investisiya yönəltməsi, əməkdaşlığı genişləndirməsi bizə bütün bu dövrdə ölkələrimizi birləşdirən qarşılıqlı faydalı və səmərəli əlaqələrin davam etdirilməsinə yönələn aydın kursu nümayiş etdirir”.(AzərTAC)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook