“Rusiya xarici kəşfiyyatı sovet mirasından imtina edib” - Narışkin
Dekabr 15
12:23
2021
"Rusiya xarici kəşfiyyatı sovet mirasından imtina edib”.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin "Arqumentı i faktı” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, ölkənin xarici kəşfiyyatı Rusiya Federasiyasının terrorizmlə mübarizə, regional sabitliyin möhkəmləndirilməsi və ölkənin suverenliyinin kənar müdaxilələrdən qorunması kimi strateji maraqlarını həyata keçirir və daha bir əsas düşmənlə mübarizə aparmır.
S. Narışkinin sözlərinə görə, təhdidlərin təhlükə dərəcəsindən asılı olaraq, Rusiya kəşfiyyatı öz işinin prioritetlərini formalaşdırır, digər məsələlərlə yanaşı, bu gün kimin düşmən olduğunu və onun düşmənçilik istəklərini necə zərərsizləşdirəcəyini müəyyənləşdirir: "İndiki çətin və ziddiyyətli dövrdə "qlobal şərlə" mübarizədə bir çox cəbhələr var - terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, qeyri-qanuni miqrasiya və s. Bu mübarizədə biz xarici tərəfdaşlarımızla qarşılıqlı əlaqədə oluruq. Təbii ki, əməkdaşlığın səviyyəsi Rusiyanın bu və ya digər dövlətlə münasibətlərinin məqsədəuyğunluğundan, coğrafiyasından və ümumi kontekstindən asılı olaraq çox dəyişir”.