Rusiya XİN: Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda ümumi sabitlik üçün mühüm faktor olacaq
Oktyabr 09
12:58
2023
Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda ümumi sabitlik üçün mühüm faktor olacaq.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycanla Naxçıvanı birləşdirəcək bu dəhliz bütün Cənubi Qafqaz dövlətlərinin iqtisadi inkişafına töhfə verəcək.
Nazir müavini vurğulayıb ki, bu il iyunun 2-də üçtərəfli işçi qrupunun sonuncu görüşü baş tutanda tərəflər nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması istiqamətində mühüm irəliləyişin olduğunu qeyd ediblər:
"Amma biz hesab edirik ki, Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılması, daha doğrusu Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək Mehri marşrutunun yaradılması ilə bağlı azərbaycanlı və erməni tərəfdaşlarımıza razılıq əldə etməkdə aktiv kömək edirik. Axı biz Ermənistan ərazisindən keçən dəmir yolundan danışırıq, ona görə də mən Mehri marşrutu adından istifadə etməyi özümə icazə verirəm... Bəli, Azərbaycanda buna Zəngəzur dəhlizi deyirlər. Belə deyək ki, bu formula hər kəsi qane edir. Biz inanırıq ki, bu razılaşma Cənubi Qafqazda ümumi sabitlik üçün çox mühüm amil olacaqdır. Bu, bütün Cənubi Qafqaz dövlətlərinin iqtisadi inkişafına töhfə verəcək, çünki bu halda Ermənistanın nəqliyyat-logistika mərkəzinə çevrilmək, Azərbaycan, Türkiyə və Rusiya ilə nəqliyyat əlaqələrini gücləndirmək və genişləndirmək imkanı olacaq. Azərbaycan ölkənin iki hissəsi arasında fasiləsiz ritmik nəqliyyat əlaqəsinə malik olmaq imkanı əldə edəcək. Cənubi Qafqazda vəziyyətin ümumi sabitləşməsi isə Ermənistanla Azərbaycan arasında gələcək üçün etimadın əsaslarının möhkəmlənməsinə xidmət edəcək. Ona görə də, biz üçtərəfli işçi qrupu çərçivəsində bu məsləhətləşmələri davam etdirmək əzmindəyik”, deyə rusiyalı diplomat qeyd edib.