SON XƏBƏR

“Rusların S-400-lərin kodunu veməməsi gözlənilən idi” – ŞƏRH

Oktyabr 04
00:04 2017
Rusiya mətbuatı Türkiyə-Rusiya arasındakı "S-400” hava hücumundan müdafiə raketləri barədə şok iddia səsləndirib.
 
Qlobal.az ölkə.Az-a istinadən xəbər verir ki, məlumatda deyilir: "Türkiyə tərəfinə "S-400”lərin sisteminə aid elektron kodların hamısını və daxili mexanizmləri verməyəcəyik. Müqaviləyə əsasən, texniki dəstək və təmir işlərini biz görəcəyik. Onlar isə bu sistemlərin içini açmayacaqlar”.
 
İddiaya əsasən, radarlar da Rusiya tərəfindən qurulacaq: "Türklərin "S-400” daxili mexanizmalarını görmə tələbini qəbul etmədik. Çünki sistemlərin içərisinə bir cismin düşmənə yoxsa sizin ölkənizə aid olduğunu göstərən rus istehsalı bir radar sistemi qurulacaq”.
 
Azərbaycanlı siyasətçilər isə məsələyə birmənalı yanaşmırlar. Politoloq Araz Əlizadə "Ölkə.Az”a bildirib ki, deyilənlərin hamısı sadəcə arada qarışıqlıq yaratmaq üçün atılan sözlərdir. Onun fikrincə, iki ölkə arasında silah sövdələşməsində heç bir problem yaranmayacaq.
 
"Türkiyənin Rusiyadan "S-400” hava hücumundan müdafiə raketlərini alması ölkənin təhlükəsizliyinin daha yaxşı təmin edilməsi üçün atılan önəmli addımlardandır. Rusların raketlərin kodunu verməməklə bağlı səsləndirdikləri fikirlər isə cəfəngiyyadır. Silah verilibsə, ondan istifadə edilməsi üçün bütün lazımı tədbirlər görüləcək. Kodlar da veriləcək”, – deyə A.Əlizadə bildirib.
 
Politoloq Ceyhun Mahmudlu isə "Ölkə.Az”a bildirib ki, ruslar silahları verərkən, onların məxfi kodlarını verməyə borclu deyillər. Onun sözlərinə görə, əslində bu addım gözləniləndir.
 
"Əslinə qalsa, bu gözlənilən hadisə idi. Rusların silahların kodunu verməmək məsələsi Türkiyənin "S-400” raketlərindən istifadəsizliyinin anlamını vermir. Kodları verməmək o demək deyil ki, Türkiyə hərbçiləri həmin silahdan istifadə edə bilməyəcəklər. Bu həmin raketlərin Türkiyə hərbi silah bazasına transfer olunmaması üçün nəzərdə tutulub. Türkiyə tərəfi iddia edirdi ki, "S-400” raketlərini əldə etdikləri zaman, məhz həmin texnologiyanı da əldə etmiş olacaqlar. Bu səbəbdən də, rusların kodu verməməsi gözlənilən hadisə idi”, – deyə C.Mahmudlu bildirib.
 
Siyasətçi deyir ki, Türkiyənin bu raketləri alması havadan müdafiəni bir az da gücləndirir: "Türkiyənin hava müdafiə sistemi kifayət qədər güclü deyil. Bu vaxta qədər Türkiyə hava sistemini NATO vasitəsilə qoruyurdu. Lazım olan zaman NATO-nun texnikaları ölkə ərazisinə gətirilirdi. Türkiyə özü isə havadan müdafiə sisteminə sahib deyil. Bu gün Türkiyənin Rusiyadan bu raketləri alması NATO sisteminə uyğun gəlmir. Raketlərin Rusiyadan alınması məsələsi NATO ölkələri, xüsusilə də ABŞ tərəfindən xoş qarşılanmadı. Bunu NATO sisteminə uyğun olmamaqla izah etmişdilər. Lakin unutmaq lazım deyil ki, bəzi NATO ölkələri var ki, Sovet istehsalı olan silahlardan istifadə edir. Amerika isə bildirmişdi ki, Türkiyə bu raketləri almaqla "qırmızı xətt”i keçib”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook