SON XƏBƏR

Rövşən Ağayev sensasiyalı iddianı şərh edir: Dollar 35 faiz ucuzlaşacaq?

İyun 15
19:55 2020
"Jackson Institute of Global Affairs" tədqiqat mərkəzi Stiven Rouçun imzası ilə ABŞ valyutasının məzənnəsi haqda sensasiya doğuran məqalə dərc etdirib.

"Bloomberg Today"in öz səhifəsində yaydığı bu məqalədə ABŞ-ın qlobal liderliyinin zəifləməsi, bu dövlətin 26 trilyon dollar borcunun olması, eləcə də koronavirus pandemiyası səbəbindən ABŞ dollarının sürətlə tənəzzülə uğrayacağı, 2021-ci ildə 35% ucuzlaşacağı iddia edilir.

Azərbaycanlı iqtisadçı ekspert Rövşən Ağayev məqalədə deyilənlərlə bağlı fikirlərini Moderator.az saytı ilə bölüşüb. O bildirib ki, bütün bunlar ciddi analizdən çox iddialara bənzəyir, çünki ABŞ dollarının dəyərini birdən-birə, il ərzində 35% itirəcəyi elə də real görünmür.

Rövşən Ağayev qeyd edib ki, bu gün dolların dünya valyutasına çevrilməsinin iki fundamental səbəbi var:
 
"Birincisi ABŞ iqtisadiyyatının dünyada ən nəhəng, həmçinin texnoloji tutumlu bir iqtisadiyyat olması, ikincisi isə dayanıqlı və etibarlı olmasıdır. Ona görə də insanlar ABŞ valyutasına üstünlük verir, biznes və başqa sahələrə dollarla yatırım qoymağa çalışırlar, çünki bu valyutanın arxasında etibarlı, dayanıqlı iqtisadiyyat durur. Belə bir beynəlxalq status almış valyutanın bir il ərzində dəyərini kəskin itirəcəyi heç də inandırıcı deyil. Bu cür kəskin risklər ancaq iqtisadi cəhətdən dayanıqsız ölkələr, xüsusən də üçüncü dünya ölkələri üçün xarakterikdir. Həmin ölkələrdə valyuta nəinki 35%, hətta 40-50% də ucuzlaşa bilər. ABŞ iqtisadiyyatı isə belə bir təhlükə altında görünmür".

Pandemiya dönəminin dünya iqtisadiyyatında yeni situasiya yaratdığını vurğulayan Rövşən Ağayev qeyd edib ki, şübhəsiz, bütün dünyada olduğu kimi ABŞ-da da gözlənilməz hadisələr baş verə bilər:
 
"Buna misal olaraq ABŞ tarixində görünməmiş bir hadisəni - Federal Ehtiyatlar Sisteminin (FET) nağd pul kütləsinin birdən-birə iki dəfə artdığını və ümumdaxili məhsul payının az qala 25%-ə çatmasını göstərə bilərik. Halbuki 2008-ci il böhranına qədər ABŞ-da nağd pul kütləsinin həcmi, həmçinin ümumdaxili məhsulun payı təqribən 3-4% olmuşdu. Təbii ki, risklər hələ də var və bu tək ABŞ iqtisadiyyatının deyil, bütövlükdə dünya iqtisadiyyatının problemidir. Artıq dünya iqtisadiyyatında formatlanma, yeni bir iqtisadi sistemin formalaşması prosesi gedir. Gedişat göstərir ki, iqtisadi münasibətlər dərinləşəcək. Amma bu proseslərdə böhran maşınının içində olan təkcə ABŞ deyil, bütün dünya iqtisadiyyatı böhrandadır. Böhrandan ən az itki ilə çıxanlar da elə dayanıqlı ölkələr olacaq. Bu baxımdan ABŞ valyutasının dəyərini itirməsi, hətta 35% ucuzlaşması, dolların hegemonluğunun aradan qalxması söylədiyim o iki əsas amil səbəbindən mümkün deyil. Bunun üçün gərək ABŞ dövlət kimi dünya üzrə liderliyini itirsin, onun iqtisadiyyatı, tutaq ki, Çin, yaxud Avropa iqtisadiyyatından daha dayanıqsız olsun, bu isə reallığa uyuşmayan bir ehtimaldır".

Rövşən Ağayevin sözlərinə görə, nə qədər ki, dünyada ABŞ valyutasına belə nəhəng ehtiyac, tələbat var, dollar kəskin şəkildə dəyərdən düşə bilməz:
 
"Təbii ki, müxtəlif dönəmlərdə, böhran mərhələlərində ABŞ valyutası da inflyasiyaya uğrayır, zaman-zaman dollar 1%, yaxud da 0,5% dəyərdən düşür, hətta avroya, funt sterlinqə və yapon yeninə nisbətdə ucuzlaşır, ancaq heç zaman öz liderliyini itirmir. Düşünürəm ki, pandemiya dövrü uzansa belə yenə bunlar baş verməyəcək".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook