SON XƏBƏR

“SABAHın müəllimi” təcrübə proqramı 56 məktəbi əhatə edəcək

Yanvar 29
12:07 2020
"SABAH” qrupları layihəsinin "SABAH”ın müəllimi” təcrübə proqramının açılış mərasimi keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, "SABAH” qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, "Sağlam təhsil – sağlam millət” və "STEAM Azerbaijan” layihəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin müəllimləri, "SABAH Mərkəz” rəhbərləri və tələbələr iştirak ediblər.

Tədbirdə məlumat verilib ki, 2019-2020-ci tədris ilindən start verilən "SABAH”ın müəllimi” təcrübə proqramı "SABAH” qruplarının pedaqoji ixtisasları üzrə təhsil alan III kurs tələbələri üçün nəzərdə tutulub. Üç istiqamət üzrə ("STEAM” siniflərində, kənd məktəblərində, "Sağlam təhsil” siniflərində) aparılacaq təcrübə proqramı ümumilikdə 126 tələbə və 56 məktəbi əhatə edəcək.

"STEAM” siniflərində təcrübə proqramı "SABAH” qruplarının "STEAM Azerbaijan” layihəsi ilə əməkdaşlığı çərçivəsində "SABAH” tələbələrinin layihə haqqında məlumatlılığının artırılması məqsədilə ikihəftəlik intensiv təlimlərdə iştirak etməsini və "STEAM” siniflərində pedaqoji təcrübə keçməsini nəzərdə tutur. Təcrübədə ümumilikdə 6 ixtisas üzrə 68 tələbə iştirak edəcək. Təcrübə 15 ümumtəhsil məktəbini əhatə edəcək.

Kənd məktəblərində təcrübə proqramı çərçivəsində isə 33 tələbə ucqar kəndlərdə yerləşən ümumtəhsil məktəblərində təcrübə keçəcəklər. Təcrübə 27 kənd üzrə 32 məktəbi əhatə edəcək. Təcrübənin əsas məqsədi tələbələrin "SABAH” qruplarında təhsil dövründə qazandıqları bilik və bacarıqlarını, təcrübələrini yaşadıqları icmaya ötürərək töhfə vermələridir.

Təcrübə proqramının 3-cü istiqamətinə uyğun olaraq tələbələrin digər qismi "Sağlam təhsil - sağlam millət” layihəsi ilə əməkdaşlıq çərçivəsində "Sağlam təhsil” siniflərində təcrübəyə cəlb olunacaqlar.

Qeyd edək ki, 2016-cı ildən etibarən 100 "SABAH” tələbəsi "Sağlam təhsil" siniflərində təcrübə keçib.

"SABAH”ın müəllimi” təcrübə proqramının əsas məqsədi pedaqoji ixtisaslar üzrə təhsil alan "SABAH” tələbələrinə öyrəndikləri nəzəri biliklərin tətbiqi yolu ilə ixtisaslarını dərindən mənimsəmələri və peşəkar müəllim kimi inkişaf etmələrinə şərait yaratmaqdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook