Keçmiş deputat dövlətin qaçqınlara ayırdığı milyonlarla xaricdə özünə biznes qurub - FOTOLAR
İyul 07
21:10
2019
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sabiq direktoru, sabiq millət vəkili Ayaz Orucovun Türkiyədə dəyəri milyonlarla ölçülən daşınmaz əmlakı aşkarlanıb.
Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.
Qlobal.az jurnalistin araşdırmasını təqdim edir:
"Uzun illər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində çalışmış, elə həmin fonddan məcburi köçkünlər üçün ayrılmış yüz milyonlarla manat vəsaiti dağıtmış, onların hesabına Türkiyədə özünə böyük biznes qurmuş sabiq deputat Ayaz Orucovun baxın İstanbulda nələri var. Evlər, ofislər, ticarət mərkəzləri, fabfik binası...
Hamısında məcburi köçkünlərə ahı var. Təsəvvür edirsinizmi, Neft Fondu sözügedən quruma 2012-2014-cü illər ərzində 900 milyon manat, bir də əlavə olaraq Dünya Bankı 25.5 milyon dollar ayırmışdı.
2015-ci ildə Hesablama Palatası müəyyən etmişdi ki, ayrılan vəsaitlərin 170 milyon manatı yeyilib. Və bu boyda korrupsiya cinayətinə görə cəmi 1 nəfər işdən çıxarılmışdı, 3 nəfərə də töhmət verilmişdi. Bu da sizə korrupsiyaya qarşı effektiv mübarizə faktı...
Artıq 2 ildən bəridir ki, İstanbulda sabiq deputatın oğlu İsmayıl Orucovun və şəriki Cem Aktaşın təsisçiliyi ilə fəaliyyət göstərən Algima İnşaat Gayrimenkul Sanayi Ticaret Anonim Şirkəti mənzillərin, ofislərin, villaların, torpaq sahələrinin alışı-satışı ilə məşğuldur. Bu həmin İsmayıl Orucovdur ki, 2013-cü ilin, noyabrın 13-dən 14-nə keçən gecə deputat Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli, "Mercedes Galenvagen” markalı, Az 10 BB 111 nömrə nişanlı maşından qadın sürücünün idarə etdiyi "Nissan Juke” markalı maşına 8 dəfə atəş açmışdı və bu cinayəti cəzasiz qalmışdı.
Keçmiş fond rəhbərinə aid aşağıda təqdim etdiyim siyahı hələ hamısı deyil. Bunlar hazırda satışa qoyulanlardır. Daha 12 mənzil və ofis üçün kirayənişin axtarılır. Bir də satışda olmayanları və artıq kirayədə olanları var.
1.İstanbul, Avcılar, Tahtalıkale məhəlləsindəki Bizim evler-5 elit yaşayış kompleksində 18-ci mərtəbədə 5 otaqlı, 220 kvadrat metrlik mənzil - qiyməti 1,34 milyon TL.
2.İstanbul, Avcılar, Tahtalıkale məhəlləsində 300 kv. metrlik alış-veriş mərkəzi - qiyməti 5.7 milyon TL.
3.İstanbul Şişli, Məcidköy məhəlləsi, Büyükdere caddəsində 140 kv.m.-lik ofis - qiyməti 790 min TL.
4.İstanbul Məcidköydə 220 kv. m.-lik dublex mənzil - qiyməti 815 min TL.
5.İstanbul Məcidköydə Büyükdere caddəsində 70 kv. m.-lik ofis - qiyməti 600 min TL.
6.İstanbul, Şişli, Ortaklar caddəsində 130 kv.m. sahəsi olan ofis - qiyməti 1,25 milyon TL.
7.İstanbul, Məcidköydə dördmərtəbəli binanın 4-cü mərtəbəsində 200 kv.m.-lik mənzil - qiyməti 830 min TL.
8. İstanbul Çerkezköy OSB-də 1161 kv.m. sahəsi olan fabrik binası - qiyməti 4.5 milyon TL.
9. İstanbul, Balıkesir Karaağac Gömeç sahilində 130 kv.m. yaşayış sahəsi olan ev - 550 min TL.
10. İstanbul Şişli Gülbahar məhəlləsində 90 kv.m.-lik mənzil - 315 min TL"
Qlobal.Az