SON XƏBƏR

Sabiq komitə sədrinin obyektini sökdülər

Oktyabr 23
12:11 2015
Dünən günorta Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyevə məxsus (Nəsimi rayonu, Vaqif prospekti), yaşayış binasının tikintisinə hazırlıq üçün çəkilən hasar Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülüb.
 
Qlobalinfo.az AzNews.az-a istinadən xəbər verir ki, "İrşad” İAM-ın direktoru Rafiq Əliyev XəzərNews.az-a bildirib ki, tikinti üçün tələb olunan bütün lazımi sənədlər hazır olduqdan sonra 21 sentyabr 2015-ci il tarixində Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinin başçısının ünvanına rəsmi məktub ünvanlayıblar: "Həmin məktubda tikintiyə hazırlıq məqsədilə ərazinin qəbul olunmuş normalara əsasən hasara alınacağı barədə məlumat verilib. Sözügedən qurum məsələ ilə bağlı heç bir irad və etiraz bildirməyib, müraciətə yazılı cavab verməyib. Lakin bir neçə gündən - daha dəqiq desək, oktyabrın 18-də hasarlanma başa çatdıqdan sonra Nəsimi rayonu İcra Hakimiyyətinin əməkdaşları əraziyə gələrək hasarın çəkilməsinə etiraz edərək, 4 gün ərzində quraşdırılması başa çatmış hasarın söküləcəyini bildirib, Mənzil-Təsərrüfat İdarəsinin işçilərini və İcra Hakimiyyətinin strukturunda işləmələri haqda heç bir sənədi olmayan 20 nəfərədək "qoçu”nu həmin sahəyə göndərib. Onlardan heç birində rayon Təsərrüfat İdarəsinin işçisi olması haqda vəsiqələrinin olmadığı aşkarlanıb. Bir neçə günə hasarın Nəsimi rayonu İcra Hakimiyyətinin əməkdaşları tərəfindən söküləcəyi bildirilib. Bu gün isə əraziyə xüsusi briqada ilə gələn Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri hasarın dərhal sökülməsi üçün şifahi tapşırıq veriblər. Hadisə yerində olan əməkdaşımız göstərişləri verən şəxsə yaxınlaşaraq hasarın sökülməsi qərarının olduğu sənədi göstərməsini xahiş edib. Lakin həmin şəxs İcra Hakimiyyətinin əməkdaşı deyil, yoldan keçən vətəndaş olduğunu deyib. Hasarı sökmək üçün gələn briqadanın üzvləri üçün tapşırığı həmin şəxsdən aldıqlarını və Teyyub adlı həmin şəxsin rəisləri olduğunu deyiblər".
 
Rafiq Əliyev Nəsimi rayon İcra Hakimiyyətinin bu hərəkətinin qanunsuz olduğunu, hasarı sökməklə bağlı əllərində heç bir yazılı sənədin olmadığını deyərək, baş verənləri məmur özbaşınalığı adlandırıb və bununla bağlı bütün məsələlərin yalnız hüquq müstəvisində həll oluna biləcəyini bəyan edib. Daha sonra o, "İrşad” İAM-ın vəkilini hadisə yerinə dəvət edib və danışıqları onun aparmasını məsləhət görüb. Lakin bütün bunlar heç bir nəticə verməyib.
 
Gün ərzində üçüncü dəfə əraziyə gələn Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları sonda öz "arzu”larını gerçəkləşdiriblər. "Belə ki, Təsərrüfat İdarəsinin rəisi olduğunu bildirən Qurban adlı şəxs böyük sevinc hissi ilə əməkdaşlara hasarı sökmək əmri verib və bu mənzərəni kənardan zövqlə izləyib. Hasarın sökülməsi göstərilən heç bir sənəd olmadan söküntü işi qanunsuz şəkildə həyata keçirilib. İcra Hakimiyyətinin əməkdaşları hasarın hansı səbəbdən söküldüyünü izah etməyi belə lazım bilməyiblər. Maraqlıdır, hasarın sökülməsi qanunidirsə, o zaman İcra Hakimiyyətinin nümayəndələri nə üçün əraziyə birinci dəfə gələrkən bunu etməyiblər? Gün ərzində əraziyə üç dəfə gəlib getməkdə onların məqsədi nə olub?” – deyə Rafiq Əliyev söyləyib.
 
Rafiq Əliyev bildirib ki, axı Bakı şəhər İcra Hakimiyyətinin başçısının tikintiyə icazəsi və həmçinin tikintiyə aidiyyəti qurumların lazımi sənədləri olduğu halda Nəsimi rayonu İcra Hakimiyyəti hansı əsasla prosesə müdaxilə edir?
 
R.Əliyev əlavə edib ki, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri Prezident Cənab İlham Əliyevin son günlər səsləndirdiyi fikirləri ciddi qəbul etmirlər: "Bunu biz demirik, sizin əməlləriniz deyir, hörmətli Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları! Unutmayın!!! Dövlət başçısının heç nədən xəbərsiz olmadığını unutmayın! O, hər şeyi görür və nəticə çıxarmaq üçün vaxt verir. Amma, o vaxtın nə zaman bitəcəyini prezidentdən başqa heç kim bilmir. Qəti qərarı o, sonda özü və heç kimin rəyinə baxmadan verir. Onda isə adətən edilən səhvləri düzəltmək yox, onlara görə məhkəmə qarşısında cavab vermək məcburiyyəti yaranır. Milli Təhlükəsizlik Nazirliyində bir neçə gün əvvəl baş verən olaylar bu baxımdan sizin üçün əyani tədris vəsaiti ola bilər”.
 
Xatırladaq ki, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Bakı şəhəri İcra Hakimiyyətinin özünəməxsus ərazidə tikinti işlərinin aparılmasına icazə verilməsi haqda Sərəncamını, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi "Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb təsdiqlənmiş eskiz və işçi layihəsini, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin ayrıc aktını qəbul etmək istəmir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook