Sahibkarları yoxlama qaydaları dəyişir?
Aprel 07
15:26
2017
Prezident İlham Əliyevin 20 oktyabr 2015-ci il sərəncamı ilə sahibkarlıq subyektlərində aparılan yoxlamalar 2il müddətinə dayandırılıb. Amma görünən odur ki, bəzi işbazlar dövlət başçısının humanist addımından öz mənfur məqsədləri üçün istifadə etməyə başlayıblar. Ölkə mətbuatında hər gün tirajlanan xəbərlərdə at-eşşək ətlərinin kolbasa-sosiska istehsalına, dönərxanalara, restoranlara verildiyinə dair məlumatlar yayılmaqdadır. Aidiyyəti qurumlar isə sərəncamdan irəli gələn tələblərdən dolayı yoxlama üçün icazələri olmadığını deyirlər.
Səhiyyə Nazirliyi Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov modern.az-a açıqlamasında bu məlumatları nə təstiq, nə də inkar edib. O bildirib ki, 2015-ci ilin noyabrından etibarən qurum tərəfindən heç bir kolbasa sexində və dönərxanalarda yoxlamalar aparılmır.
Yaranmış vəziyyətdən sui-istifadə hallarını aradan qaldırmaq üçün 2017-ci il martın 17-də Prezident İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə mühüm fərman imzalayıb.
Fərmana əsasən, dövlət qurumları yalnız müvafiq reyestrdə qeyd aparmaqla, hətta KİV-də dərc olunmuş materiallar əsasında da yoxlamalar apara biləcəklər. Lakin reyestrdə qeyd olunmayan hər hansı bir yoxlamanın hüquqi əsası olmayacaq.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov sayta deyib ki, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması məsələsi gündəmdədir:
"Bu məsələyə yenidən baxılması gözlənilir. Çünki cənab Prezident tərəfindən verilən sərəncamda bütün yoxlamaların 2 illik dayandırılması göstərilib. Mənim aldığım məlumata görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qida məsələlərilə bağlı ölkə başçısına müraciət edəcək. Qida sahəsində çox diqqətli olmalıyıq. Yəqin ki, mətbuatda yazılan narahatlıq doğuran məqamlarla bağlı aidiyyəti qurumlar tərəfindən addımlar atılacaq”.