SON XƏBƏR

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması nəyə xidmət edəcək? (ŞƏRH)

Oktyabr 19
15:34 2017
Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik təklif edilib. Onun sözlərinə görə, dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur. 

Deputat əlavə edib ki, qanuna yeni maddə də əlavə edilib: "Elə sahələr var ki, bu sahələr iqtisadi, dövlət, qida təhlükəsizliyi ilə bağlıdır. Ona görə də qanunun tətbiq dairəsi adlanan ikinci maddədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi, qida məhsullarına təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar ayrıca maddə kimi əlavə olunub. Bu, çox vacib məsələdir”. 

"Qaynarinfo" xəbər verir ki, millət vəkilini açıqlamasına iqtisadçı-ekspert Natiq Cəfərli reaksiya verib. Ekspert bildirib ki, vəziyyəti düzəltmək üçün azad və ədalətli rəqabət mühiti formalaşdırılmalıdır: 

"Yoxlamalar lazım deyilsə, niyə birdəfəlik ləğv edilmir? Lazımdırsa niyə dayandırılır? Necə olur ki, yoxlamalar dayandırılandan sonra biznesə yönəlik reydlər 1000 dəfə azalıb, bəs niyə əvvəl bu qədər çox idi? 

Dünyada biznesin ən gözəl və effektiv nəzarətçisi - müştəridir. 

Biznes keyfiyyətsiz mal satacaq - müştəri itirəcək,

Biznes pis xidmət göstərəcək - müştəri qaçacaq,

Biznes yaxşı işləməyəcək - bankrot olacaq.

Bunun üçün isə azad və ədalətli rəqabət mühiti, normal məhkəmə sistemi, işlək sivil toplum və peşəkar media lazımdır.

Market mənə köhnə mal satsa, verəcəm məhkəməyə, minlərlə manat kompensasiya alacam, sonra o market qələt edər köhnə, keyfiyyətsiz mal satar,

Restoran mənə pis xidmət edəcək, mediada həmin obyekti yıxıb-sürüyəcəm, müştəri itirib müflis olacaqlar.

Otel keyfiyyətli işləməyəcək, bu sahədə olan QHT-lər onların boğazına çökəcək, məsələ həll olunacaq.

Sivil dünya belə işləyir".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook