SON XƏBƏR

Şahin Mustafayev: Azərbaycanda 100-dən çox Çin şirkəti fəaliyyət göstərir

Fevral 06
12:25 2018
İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir.
Səfərin ilk günü - fevralın 5-də İqtisadiyyat naziri Şahin Mustafayev bir sıra görüşlər keçirib.
 
Çinin nəqliyyat naziri Li Siaopan ilə keçirilmiş görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Çin ilə ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti Çinə 5 səfər edib, dövlət başçısının səfərləri zamanı mühüm razılaşmalar əldə olunub, 2015-ci ildə "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair sənəd imzalanıb. Azərbaycan bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdəndir.
 
Nazir Şahin Mustafayev Azərbaycan-Çin iqtisadi əlaqələri barədə məlumat verib, ölkələrimizin ticarət, investisiya, maliyyə və texniki əməkdaşlıq sahələrində əməkdaşlıq etdiyini, Çin şirkətlərinin Azərbaycanda müxtəlif layihələrdə iştirakını diqqətə çatdırıb. Azərbaycanın böyük nəqliyyat-tranzit potensialına malik olduğunu qeyd edən Şahin Mustafayev ölkəmizdə enerji resurslarının daşınması üçün müvafiq infrastrukturun yaradıldığını, Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyət göstərdiyini, Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi olan TANAP və TAP layihələrinin icrasının davam etdirildiyini bildirib. Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində ötən il Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə verilib. Azərbaycanın hava, avtomobil və dəniz nəqliyyatı barədə danışan iqtisadiyyat naziri ölkəmizdə 6 beynəlxalq müasir hava limanının fəaliyyət göstərdiyini, Azərbaycanın Xəzər dənizində ən böyük donanmaya sahib olduğunu, Ələt Limanının tikintisinin davam etdirildiyini qeyd edib.
 
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun üstünlüklərini diqqətə çatdıran Şahin Mustafayev bu marşrutun coğrafi-iqtisadi, məsafənin və müddətin qısa olması, müvafiq infrastrukturun mövcudluğu baxımından əlverişli olduğunu deyib. İqtisadiyyat naziri Azərbaycan nümayəndə heyətinin sabah Pekində təşkil olunan "Kəmər və Yol" təşəbbüsünün reallaşmasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun rolu"na həsr edilən beynəlxalq konfransda iştirak edəcəyini bildirib.
 
Nazir Şahin Mustafayev diqqətə çatdırıb ki, Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Çinin "Kəmər və Yol" təşəbbüsünün tərkib hissəsi olaraq dəstəklənməsində maraqlıdır. Bundan başqa, "Kəmər-Yol" təşviqinə dair Azərbaycanda tədbir keçirilə, Çin şirkətləri Ələt azad ticarət zonasına cəlb oluna, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ilə konteyner terminalının tikintisi və idarə edilməsi üzrə əməkdaşlıq həyata keçirilə bilər.
 
Çinin nəqliyyat naziri Li Siaopan ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikirlərini bildirib, Azərbaycan tərəfinin təkliflərinin öyrənilib reallaşdırılması üçün tədbirlər görüləcəyini vurğulayıb.
 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
 
Çinin kommersiya nazirinin müavini, Beynəlxalq ticarət məsələləri üzrə nümayəndəsi Fu Ciyin ilə keçirilmiş görüşdə iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, iqtisadi-ticarət sahəsində Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin 43 faiz artdığını, ölkəmizdə 100-dən çox Çin şirkətinin fəaliyyət göstərdiyini, 2016-cı və 2017-ci illərdə Çinin Honq-Konq, Quancou və Şanxay şəhərlərinə Azərbaycanın ixrac missiyalarının təşkil edildiyini, şərablarımızın vahid ölkə stendi ilə nümayiş olunduğunu qeyd edib. Azərbaycan və Çin iş adamlarının iştirakı ilə 8 biznes-forum keçirilib. Bu tədbirlərin nəticəsi olaraq, Çinə şərab ixracına dair müqavilə imzalanıb, Azərbaycan şərabı mükafat alıb.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook