Şahin Mustafayev: "Hayat pharm" əczaçılıq şirkəti 2020-ci ildə tam fəaliyyətə başlayacaq
Noyabr 02
17:28
2016
Pirallahı Sənaye Parkında yaradılan "Hayat pharm" əczaçılıq şirkəti 2020-ci ildə tam fəaliyyətə başlayacaq.
[url=http://][/url]Bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, zavodun illik istehsal gücü 22,5 milyon qutu və ya 500 milyon ədəd həb və kapsul təşkil edəcək. Ümumilikdə zavodda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal olunacaq.
Onun sözlərinə görə, zavodda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük, əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus əleyhinə, diareya və qusmaya qarşı preparatlar istehsal ediləcək.
"Bu layihə mərhələli şəkildə aparılacaq. Bu ilin axırından başlayaraq logistik infrastruktur yaradılması istiqamətində işlər görüləcək. İlin sonunda dərmanların Azərbaycana idxalı, gələn ildən isə istehsal sahələrinin yaradılması üzrə işlərə başlanılacaq", - deyə Ş.Mustafayev vurğulayıb.
Nazir qeyd edib ki, bu müəssisənin yaradılması Azərbaycanda yeni bir sahənin açılışı deməkdir və onun fəaliyyəti qeyri-neft sektorunun inkişafına xidmət edəcək.