Sahir Məmmədxanov: Vergi ödəyicilərinin fəaliyyətinin genişləndirilməsi üçün müvafiq addımlar atılıb
Avqust 11
15:35
2016
«Yaranmış yeni iqtisadi şəraitə uyğun olaraq, biznes mühitinin yaxşılaşdırılması və vergi ödəyicilərinin fəaliyyətinin genişləndirilməsi üçün həm qanunverici səviyyədə, həm də Vergilər Nazirliyinin öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atılıb».
Bu fikri vergilər nazirinin 1-ci müavini Sahir Məmmədxanov deyib.
S.Məmmədxanov bildirib ki, Azərbaycan Prezidentinin imzaladığı "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" Sərəncam cari ildə vergi inzibatçılığı sahəsində əhəmiyyətli tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Onun sözlərinə görə, həmin tədbirlərə vergitutma bazasının genişləndirilməsi, vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığının təkmilləşdirilməsi, nümunəvi vergi ödəyicilərinin müəyyən edilməsi, vergi yoxlamalarının qanunla müəyyən edilmiş tələblərə əməl olunmaqla qısa müddətdə başa çatdırılması aiddir.
«Həmçinin elektron auditin tətbiqi dairəsinin genişləndirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, risk qiymətləndirilməsi sisteminin yaradılması, vergi bəyannamələrinin formalarının təkmilləşdirilməsi istiqamətində vergi islahatlarının davam etdirilməsi və sair daxildir. İslahatlar real vergi potensialının dəqiqləşdirilməsi və bu sahədə şəffaflığın təmin edilməsi, vergi bazasının genişləndirilməsi, vergi öhdəliklərinə əməl olunması, habelə uçot və risklərin idarə edilməsi sahələrində nəzarətin gücləndirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin genişləndirilməsi, vergi ödəyicilərinin məlumatlandırılması sahəsində görülən işlərin keyfiyyətinin yüksəldilməsi kimi məqsədlərə xidmət edir»- deyə, nazir müavini vurğulayıb.
Qlobal.az