Sankt-Peterburq teatrı Bakıya qastrol səfərinə hazırlaşır
Aprel 12
09:54
2017
"Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov "Nuhun gəmisi teatr şirkəti" beynəlxalq layihələr Muxtar Qeyri-Kommersiya Təşkilatının rəhbəri Olqa Luçitskaya və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Eşqin Quliyev ilə görüşüb.
"Report" Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətinə istinadən xəbər verir ki, O.Luçitskaya Bakıya rəhbərlik etdiyi teatrın 2017-ci ilin oktyabr ayında Valentin Rasputinin romanı əsasında səhnələşdirilən "Son fürsət" tamaşası ilə qastrol səfərinə gəlməklə bağlı təşkilati məsələlər üzrə danışıqlar aparmaq məqsədilə təşrif buyurub.
Tamaşanın baş rollarında Rusiyanın xalq artistləri - Qalina Karelina və İrina Sokolovanın çıxış edəcəkləri gözlənilir.
Tamaşanın nümayişi bu il 80 illik yubileyi qeyd olunan yazıçıya həsr olunub. Tamaşa Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində baş tutacaq.
Bundan əlavə, Bakıda RİMM-də Azərbaycan və Rusiya şairləri və poeziya pərəstişkarlarının iştirakı ilə poeziya gecəsi keçiriləcək.