SON XƏBƏR

Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb

Sentyabr 21
10:09 2016
Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad qəsəbə tam orta məktəbinin şagirdlərinin rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası təşkil olunub.
 
AZƏRTAC xəbər verir ki, Sədərək Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirin məqsədi yeniyetmə və gənclərin tariximizi əks etdirən eksponatlar haqqında ətraflı məlumatlandırılması, tarixi keçmişimizin unudulmaması və gələcək nəsillərə çatdırılması olub.
 
Muzeyin bələdçisi bildirib ki, 1995-ci ildən fəaliyyət göstərən rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün Heydərabad qəsəbəsində 2010-cu ildə yeni bina ucaldılıb. İkimərtəbəli yaraşıqlı bina milli üslubda inşa edilib, gözoxşayan ornamentlərlə bəzədilib. 2002-ci ildə muzeyin 4 bölməsi, 613 eksponatı olub. Hazırda isə eksponatların sayı bir neçə dəfə artıb. Muzeyin ekspozisiyasındakı 16 bölmədə Sədərəyin qədim tarixini əks etdirən eksponatlar, o cümlədən mühüm elmi və tarixi əhəmiyyət kəsb edən arxeoloji qazıntılar nəticəsində tapılan əşyalar, dekorativ tətbiqi sənət, xalçaçılıq nümunələri, kənd təsərrüfatı alətləri, bütövlükdə, 1200-dən çox eksponat nümayiş etdirilir.
 
Qeyd olunub ki, muzeydə qədim və orta əsrlərə aid nadir əşyalar çoxdur və onların hamısı rayon ərazisində yerləşən qədim yaşayış məskənlərindən – Kərki nekropolundan, Vəlidağ ətəklərindən, "Sədərək qalası”, "Kültəpə”, "Şəhər yeri”, "Bulaq başı”, "Karvansara” adlanan yerlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılıb. Muzeyin arxeologiya və etnoqrafiya bölməsində nümayiş etdirilən Tunc dövrünə və orta əsrlərə aid eksponatlar – daş baltalar, çapacaqlar, küpə, çölmək, həvəngdəstələr, dən daşları və digər nümunələr Sədərək ərazisində hələ eramızdan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərindən yaşayış olduğunu təsdiqləyir. Bölgənin qədim dövründən bu günədək olan şərəfli tarixini özündə əks etdirən dəyərli arxeoloji tapıntılar, mənəvi dəyərlərimizin parlaq təcəssümü olan mədəniyyət nümunələri, xalq tətbiqi sənət əsərləri, nümuzmatik materiallar, heykəltaraşlıq, qrafika, Erkən Dəmir dövrünə aid keramika məmulatları, soyuq silahlar, misgərlik nümunələri muzeydə özünə yer alıb. Bölmələrdə nümayiş olunan dulusçuluq, zərgərlik, toxuculuq məmulatları, dekorativ bəzək əşyaları qədim İpək Yolu üzərində yerləşən ulu yurdda sənətkarlığın, mədəniyyətin inkişafından xəbər verir. Buradakı əkinçilik alətləri – xış, kotan, vəl, mərəndi, mərgüz, göndən hazırlanmış xəlbir, nehrə və sair əşyalar sədərəklilərin hələ qədim zamanlardan əkinçiliklə, maldarlıqla məşğul olduqlarını göstərir.
Bölgənin flora və faunasından bəhs edən bölmə də öz zənginliyi ilə diqqəti çəkir, bu yurdun əsrarəngiz təbiəti haqqında dolğun təəssürat yaradır. Muzeydə "Sədərək” sözünün etimoloji mənası, elmi şərhi barədə bilgilər də yer alıb. "Kitabi-Dədə Qorqud”da adıçəkilən Sədərəyin Uşun oğlu Səkrəyin adından yaranma ehtimalı, türk səyyahı Övliya Çələbinin, fransız səyyahı Jan Şardenin XVII əsrdə bu yerin çox böyük yaşayış məntəqəsi olması, geniş meyvə bağları, abad meydanları, yaraşıqlı binaları, məscidləri, dükan-bazarı barədə məlumatları da diqqət çəkir.
 
"Sədərək qeyrət qalasıdır” bölməsində isə 1990-cı illərdə 14 dəfə erməni təcavüzünə məruz qalan Sədərəyin ağır həyatı, mərdliklə müdafiə olunması canlı eksponatların dili ilə buraya gələnlərə çox həqiqətləri danışır. Onlar bu torpaq uğrunda canını fəda edən 108 şəhid, o cümlədən sədərəkli 52 şəhid haqqında muzeydə dolğun məlumat alırlar.
 
Sədərək rayonunun son illərdəki sosial-iqtisadi inkişafını əks etdirən bölmə də şagirdlərin diqqətini cəlb edib. Muzeyin foyesində isə rayon mərkəzi Heydərabad qəsəbəsinin dünəni və bu gününü əks etdirən stend qurulub.
 
Muzeylə tanışlıq şagirdlərin marağına səbəb olub və onlarda zəngin təəssürat yaradıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook