SON XƏBƏR

Səfərbərlik Xidmətində korrupsiya faktları: Arzu Rəhimov həbs olunacaq?

İyul 10
16:53 2023
Bu ilin aprel ayında general-polkovnik Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edildi.

O, bu postda nə az, nə çox, düz 11il çalışdı. Arzu Rəhimovun yerinə elə həmin gün Mürsəl İbrahimov təyin olundu.

Qeyd edək ki, yeni rəis uzun müddət daxili işlər və təhlükəsizlik orqanlarında çalışıb.

Bəs, Arzu Rəhimovun Xidmətə rəhbərlik etdiyi dövr nə ilə yadda qaldı?

Tərəddüd etmədən demək olar ki, 11 il ərzində bu qurumun fəaliyyətində əvvəlki dövrlə müqayisədə hansısa müsbət dəyişikliklər nəzərə çarpmadı. Hətta sələfi Əliağa Hüseynovdan fərqli olaraq, Arzu Rəhimovun cəmiyyətə, mediaya daha qapalı adam olduğu üzə çıxdı. O, bu qapalılığını 11 il ərzində Xidmətin fəaliyyətinə də uğurla tətbiq edə bildi. Mediaya tamamilə qapalı olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, onun strukturlarında nələr baş verdiyindən çox zaman cəmiyyətin xəbəri olmadı. Amma buna baxmayaraq, mətbuatda tez-tez Arzu Rəhimovun fəaliyyəti tənqid olunur, Xidmətdə ciddi rüşvət və korrupsiya faktlarının olduğuna dair materiallar dərc olunurdu.

Artıq Arzu Rəhimovun vəzifəsindən uzaqlaşdırılmasından sonra onun dövründə Səfərbərlik Xidmətində baş verən qanunsuzluqlar gün işığına çıxmağa başlayıb.

Belə ki, bu günlərdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın, Xaçmaz və Cəlilabad şöbələrində əməliyyat keçirib.

Nəticədə Xaçmaz rayon şöbəsinin rəisi, polkovnik-leytenant Ağayev Rahim Əlifağa oğlu, Laçın hərbi komissarlığının müfəttişi Rəşad Rəşidli və Cəlilabad rayon hərbi komissarlığının müfəttişi Ramil Həsənov qanunsuz əməlləri ifşa olunduğuna görə həbs ediliblər. Sonuncu iki nəfərin barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ramil Həsənov və Rəşad Rəşidliyə qarşı Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsilə ittiham irəli sürülüb.

Onların işlədikləri tabe qurumların çağırış və hərbi-həkim komissiyalarının vəzifəli şəxslərinin qərarlarına təsir imkanlarından istifadə edərək, vətəndaşların hərbi xidmətə yararsız hesab edilməsinə nail olmaqla müxtəlif məbləğlərdə pul almalarına əsaslı şübhələr müəyyən edilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi Rahim Ağayevə gəlincə, onun çağırışçının sağlamlıq vəziyyətilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan tələb etdiyi 8 min manat məbləğində pul vəsaitinin 5 min manatını rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda həbs olunan şəxslərin fəaliyyəti ilə bağlı araşdrımalar davam edir. Cinayətə aidiyyəti olan digər şəxlərin də saxlanılacağı istisna olunmur.

Bakupost.az -ın əldə etdiyi son məlumatlara görə isə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Xidmətin yerli və mərkəzi strukturlarında növbəti əməliyyatlar keçirəcəyi gözlənilir.

Bildirilir ki, ötən illər ərzində rayon şöbələrində rüşvət müqabilində saxta səndələr tərtib etməklə xeyli insan hərbi xidmətdən yayındırılıb. Həmçinin Xidmətə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsində də ciddi nöqsanlara yol verilib. Daha doğrusu, bu vəsaitlərin xeyli hissəsi Xidmətin keçmiş rəhbərliyi tərəfindən mənimsənilib.

Beləliklə, növbəti əməliyyatların daha səs-küylü olacağı, Xidmətin keçmiş rəisi Arzu Rəhimovun də fəaliyyətinin araşdırılacağı və hətta həbs olunacağı
bildirilir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook