SON XƏBƏR

Şəkidə "analoqu olmayan" yol - Elektrik dirəyi yolun ortasına düşüb

İyul 24
11:53 2019
Ölkənin hər yerində olduğu kimi, Şəki-Balakən zonasında da kənd və rayon yollarında asfaltlama işləri aparılır. 

Bəzi kəndlərdə və yaşayış məntəqələri arasındakı yollarda heç vaxt yeni asfalt olmayıb, digərlərində sonuncu dəfə sovet illərində yol örtüyünü yeniləyiblər, üstəlik birbaşa torpağa bitum səpmək yolu ilə. İndiki fundamental işlərlə müqayisə edilə bilməz. Sakinlərin bəxtindən regionu qalın asfalt qatı ilə örtürlər. Lakin qəribə hallar da olur. Şəki rayonunun Üzümçülük kəndində yolda çəkilən fotodan görünür ki, asfalt və yolu iki elektrik dirəyinin arasından çəkiblər. Oradan keçmək mümkün deyil. Niyə belə ediblər? Bəlkə, dirəkləri sonra götürəcəklər? Bəs niyə yolu və asfaltı dirəkləri götürmədən öncə salıblar?

2019-cu ilin yayında Qax rayonunun İlisu kəndi tamamilə asfaltlanıb. İşləri AzərAvtoYol Dövlət Agentliyi həyata keçirib. Bu kənddə belə miqyaslı yol işi heç zaman olmamışdı. Lakin kənd sakinləri Turan-a bildiriblər ki, yola qalın asfalt qatı çəkilib, ancaq bunun altında köhnə, deşilmiş su boruları qalıb, yağış mövsümündə təzyiq altında su yola tökülür. Borular təmir olunmayıb, onların üzərinə asfalt döşəyiblər, elə indi də borularda çox su olanda yeni asfaltın altından axır. 

Kəndlilərin fikrincə, bu isə o deməkdir ki, yeni asfaltın bir, uzaqbaşı iki il ömrü var. Yağış axınları, qar və buz asfaltı qaldıracaq, onun altında sel suları axacaq və qara asfalt plitələrini yuyub aparacaq. Ağır yük avtomobilləri isə qalan örtüyü məhv edəcəklər.

AzərAvtoYol Agentliyindən verilən məlumata görə, hazırda Qax-İlisu yolunda işlər gedir, asfalt örtüyünün uzunluğu 35,5 km. olacaq.

Turan-ın müxbiri əyalətdə fəaliyyət göstərən asfalt zavodlarından birinin mühəndisi ilə görüşüb. O, özünü ölkənin oliqarx ailələrindən birinə məxsus müəssisənin faktiki rəhbəri kimi təqdim edib və adının açıqlanmamasını istəyib. Zavod Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AzərAvtoYol) asfalt tədarük edir.

Ekspert deyib ki, istənilən asfalt zavodunda asfalt istehsalı və çəkilməsi üçün ayrılan dövlət vəsaiti çox vaxt mənimsənilir. Yola iki növ asfalt döşənir - əvvəlcə əsas, sonra səth növü. Hər iki asfalt xüsusi mineral toz əlavə edilməklə əsasən bitum, çınqıl, qumdan hazırlanır. Asfalt komponentlərinin miqdar normaları hər yerdə pozulur.

Korrupsiya asfalt istehsalı zamanı komponentlərin çəkisinin tam olmaması və yol çəkilərkən asfaltın qalınlığının bilərəkdən azaldılmasından ibarətdir. Zavodda və asfalt çəkilməsi zamanı işçilərin maaşı 300 manatdan çox deyil. Rəhbər texniki personal ayda 400 manatdan çox almır. Beləliklə, onlar başqa yolla, başqa obyektlərdə - özəl sektorda, dövlət sifarişi üzrə işlər üçün nəzərdə tutulmuş asfaltdan orada istifadə edərək qazanc əldə etməyə məcbur olurlar.

"Asfaltın və onun çəkilişinin keyfiyyətini yalnız xüsusi metodlarla, laborator analizlər üçün nümunələr götürməklə və çəkilmiş asfaltın qalınlığını ölçməklə yoxlamaq olar. Ancaq heç kim bunu etmir, çünki istehsalçılar, yol inşaatçıları və yoxlama aparan qurumlar eyni ailəyə mənsubdur", - ekspert açıqlama verib.

Ekspert diqqəti ona yönəldib ki, "AzərAvtoYol" həmişə bu agentlik tərəfindən çəkilmiş yolların uzunluğu barədə məlumat verir, lakin heç vaxt asfalt örtüyünün eni və qalınlığı barədə məlumat vermir.

Azərbaycan KİV-i çox zaman asfaltın və onun çəkilişinin keyfiyyətinin aşağı olması barədə məlumat verir. "Astarada yüksək dağ kəndinin sakinlərinin yeni yol ilə bağlı sevinci uzun sürməyib. Ötən ilin dekabrında Taxtanakəran-Miki avtotrassı təmir edilərək istifadəyə verilib, lakin bu ilin martında artıq bəzi ərazilərdə asfalt örtük zədələnib, bəzi yerlərdə çatlar əmələ gəlib", - 2018-ci ildə az.sputniknews.ru bildirib.

"Ümumi uzunluğu 4300 metr olan avtomobil yolunun təxminən iki yüz metri normalara uyğun bərpa edilib. Qalan 4100 metr torpaq qatı ilə döşənib və üstünə asfalt çəkilib", -kənd sakini Niki Fətəliyev deyib.

Bu ilin yanvarında Massa.az bildirib ki, dekabrın sonlarında Bakının Xətai rayonunda, Nobel prospektində (neft emalı zavodunun yaxınlığında) əmələ gələn böyük çuxurun təmir edildiyi yerdə yenidən asfalt çöküb.

Turan agentliyi "Bahalı yollar" məqaləsində (mart, 2018-ci il) bildirib ki, ekspertlərin hesablamalarına görə, ölkədə bir kilometr yeni yolun çəkilməsi dövlət büdcəsinə təxminən $18 mln.-a başa gəlir. Müqayisə üçün, ABŞ-da 1 km. yolun çəkilişi $5,9 mln.-a dollara (belə maya dəyərinə yüksək əmək haqları, materialların yüksək qiyməti, yüksək vergilər və s. təsir göstərir) başa gəlir. Azərbaycanda yolun tikintisinin maya dəyəri ABŞ-da olduğundan iki dəfə aşağı olmalıdır. Və belə xərclərlə nəticə də uyğun olmalıdır.

Ümumdünya İqtisadi Forumu tərəfindən tərtib edilən 2016-2017-ci illər üçün yolların keyfiyyəti üzrə reytinqdə Azərbaycan dünyanın 136 ölkəsi arasında 44-cü yeri tutur.

Bu, qonşular ilə müqayisədə olduqca yüksək rəqəmdir, lakin yol infrastrukturuna çəkilən xərclərin məbləğini nəzərə alsaq, reytinqdəki yer daha yuxarıda ola bilərdi. Bakı qəsəbələri yollarının əksəriyyətində dərin çuxurlara çevrilən çalalar isə reytinqdə mümkün səhvlərin olduğunu göstərir. Qar və yağışdan sonra asfalt örtük nəyə çevrilir, bunu yol adlandırmaq çətindir. Yeni yollar sürətlə çökür və bir çoxları bunu asfalt-betonun keyfiyyəti, daha doğrusu keyfiyyətinin olmaması ilə əlaqələndirirlər. Yerli ekspertlərin fikrincə, betona kifayət qədər sement əlavə edilmir, asfalt da korrupsiya qurbanı kimi tanınıb. Beləliklə, asfalt-betonun pulları böyük axınla kiminsə cibinə axır, yollar isə yiyəsiz qalır.

İqtisadçı-ekspert Nemət Əliyev hesab edir ki, son illər dövlət maliyyə vəsaitlərinin ən çoxu nəqliyyat sektoruna ayrılır: "Lakin biz çox zaman belə hal ilə qarşılaşırıq: investisiya layihələrində istismar müddəti 25-30 il göstərilən yol 3 ildən sonra yararsız vəziyyətə düşür. Bu o deməkdir ki, korrupsiya faktı var. Bu, özünü onda göstərir ki, tikintiyə ayrılan pullar öz təyinatı üzrə xərclənmir, yol keyfiyyətsiz inşa edilir, ona görə də istismar müddəti bir neçə dəfə azalır. Odur ki, vəziyyətin yaxşılaşdırılması üçün bu sahəyə böyük pullar ayırmaq lazım deyil, ayrılan vəsaitin mənmsənilməsi üzərində ciddi dövlət maliyyə nəzarətini təmin etmək lazımdır. Belə nəzarət yoxdur, ona görə də Azərbaycan korrupsiyanın səviyyəsinə görə reytinqdə yuxarı sətirlərindən birini tutur", - N.Əliyev bildirib.
 
Qlobal.Az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook