Şəkiyə maraqlı səyahət, yaxud turistləri bura nə çəkib gətirir?
Sentyabr 28
23:17
2016
Şəki səliqəli, memarlığı ilə fərqlənən şəhərdir. Kirəmit damlı evləri ilə Şərq yaşayış məntəqəsindən daha çox Avropanın əyalət şəhərlərini xatırladır. Söz düşmüşkən, bu diyarın qədim tarixi var. Şəhərdə çoxlu tarixi və memarlıq abidələri qalıb. Onların arasında xüsusi yeri möhtəşəm divar naxışları və pəncərə şəbəkəsi ilə diqqət çəkən əzəmətli Şəki xanlarının sarayı tutur.
Şəkililər qonaqpərvər və təbiətcə şən insanlardır. Şəki yumoru isə dillər əzbəridir. Şəhər hətta məşhur bolqar Qabrovosu ilə qardaşlaşıb. 1983-cü ildə Şəkidə
Cənubi Qafqazda ilk dəfə olaraq, "Gülüş bayramı” keçirilib.
Bəlkə də nikbinliklərinə görə şəkililər heç vaxt ruhdan düşməyib. Halbuki tez-tez tarixi və təbii təlatümlərin mərkəzində olublar.
Qafqazın qədim yaşayış məskəni və kirəmit damlı evlər
Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Arxeoloji tapıntılar sübut edir ki, bu şəhər, eyni zamanda, Qafqazın ən qədim yaşayış məskənlərindən biri hesab edilə bilər. Onun ərazisindəki əksər arxeoloji tapıntıların 2500 ildən çox yaşı var. Şəki barədə bir çox qədim yunan tarixçiləri, cümlədən Böyük Plini (eramızdan əvvəl I əsr), Klavdi Ptolomey (eramızdan əvvəl II əsr) və Strabon yazıb. Belə bir ehtimal var ki, şəhərin adı eramızdan əvvəl VII əsrdə Azərbaycan ərazisində kök salan və bir neçə əsr burada yaşayan sak etnonimi ilə bağlıdır. Amma uzun müddət şəhər həm də Nuxa adlanıb.
Qafqaz sıra dağlarının ətəklərində yerləşən Şəkinin təbiəti son dərəcə füsunkardır. Onu meşəli dağlar və dərələr, Qurcanaçay və Dəyirmanarx çayları əhatə edir. Şəhər ərazisi bu çaylar boyunca uzanır, dağ peyzajı isə sanki fon təsiri bağışlayır.
Maraqlıdır ki, 1772-ci ildə Kiş çayı daşaraq şəhəri yuyub-aparıb. Bu çay indi də daşqın mövsümündə sakit qalmır. Yaşlı nəsil hələ 1986-cı ildə çayın gur sularının böyük dəmir körpünü qabağına necə qatıb apardığını xatırlayır. Körpünün əyilib-bükülmüş qalıqları o həyəcanlı günləri indi də xatırladır.
Yeni şəhər böyük ərazini tutaraq üç tərəfdən Qafqaz sıra dağları ilə əhatə olunub. Şərqdən qərbə doğru axan Qurcanaçay Şəkini iki hissəyə bölür. Ticarət mərkəzinin yaranması ilə şəhər çayın bir tərəfi boyunca inkişaf edib.
Təbii landşaft həmişə şəhərin fərdi memarlıq simasını yaratmaq imkanı verib. Məhz buna görə də Şəki bənzərsiz memarlığı ilə fərqlənir. Hələ orta əsrlərdə bu şəhərdə saxsı borularla su kəməri çəkilib.
Bu gün Şəki yaşıllıqlar arasından görünən evləri və memarlıq tikililəri ilə mənzərəli massivdir. Demək olar ki, hər ev bağla və çay daşından hörülmüş hasarla əhatələnib. Şəkidəki evlərin digər fərqləndirici xüsusiyyəti bişmiş gildən düzəldilmiş qırmızı kirəmitli damlarıdır. Zamanla bəzi damların rəngi qaralıb, lakin keramika davamlı materialdır. 20-30 ildə bir dəfə kirəmiti söküb yumaq kifayətdir – elə bil dama təzə vurulub.
Şəkinin daha bir xüsusiyyəti dərhal gözə çarpan səliqə-sahmanıdır. Küçələr həmişə tər-təmiz olur. Bəzən digər əyalət şəhərlərində müşahidə olunan səliqəsizliyi burada əsla görməzsən.
Müştaqın sarayı və Heyerdalın fərziyyəsi
Şəkinin vizit kartı "Müştaq” təxəllüsü ilə şeirlər yazmış Hüseyn xanın 1762-ci ildə inşa etdirdiyi, memarlığına görə unikal Xan sarayıdır.
Xan sarayının orijinal inşa üsulları var. Hər kvadratmetr şəbəkənin 5 min detaldan ibarət olduğunu, onların bir-birinə mismarsız birləşdirildiyini qeyd etmək kifayətdir. Sarayda bir çox xalq tətbiqi sənəti növləri sintezləşdirilib. XVIII-XIX əsrlərə aid divar naxışları bu qəbildəndir.
Şəki xanlarının sarayının yaylaq evi olmasını çox az adam bilir. Qış sarayı isə, böyük ehtimalla, qala içərisindəki tikililərin arasında olub və günümüzə gəlib çatmayıb.
Sarayın ikinci mərtəbəsində, tavandakı təsvirdə ustad Abbasqulunun adı yazılan kitabə var. Güman ki, sarayın memarı həmin şəxs olub.
XVIII əsrdə tikilmiş və bu yaxınlarda bərpa olunmuş düzbucaqlı ikimərtəbəli binanı da eyni ustaya aid edirlər. Binanın hər mərtəbəsi üç otaq və iki kiçik dəhlizdən ibarətdir. Otaqlar da Şəki xan sarayında olduğu kimi, naxışlı divarlar və rəngli şəbəkə ilə bəzədilib.
Lakin Şəkinin ən qədim və yaxşı qalmış memarlıq abidələrindən biri Kiş kəndindəki Alban məbədidir. Məbədin təməli eramızın I əsrində qoyulub. O zamanlar Azərbaycan ərazisi Qafqaz Albaniyasının bir hissəsi idi. Məbəd Qafqaz Albaniyasında geniş yayılan köhnə ibadətgahın – Ay məbədinin qədim təməli üzərində inşa edilib. Norveçli tədqiqatçıların iştirakı ilə aparılan arxeoloji qazıntılar Kiş kəndində yerləşən məbədin "Şərq kilsələrinin anası” olduğunu göstərir. VII əsr tarixçi Moisey Kalankatlının "Albaniya tarixi” əsərində bu kilsədən bəhs edilib.
2008-ci ildə Kiş kəndindəki Alban məbədinin qarşısında Tur Heyerdalın büstü ucaldılıb. Əfsanəvi Norveç səyyahı və antropoloq alimi dəfələrlə Şəkidə olub və qafqazlıların vikinqlərin əcdadları olması haqqında sensasiyalı nəzəriyyəsinə sübutlar axtarıb. Azərbaycana dörd səfərindən, arxivlərdə və qazıntı yerlərində gərgin işlərdən sonra Tur Heyerdal bu nəticəyə gəlib ki, Avropa Xəzər dənizinin cənub-qərb sahillərindən və Qafqazın cənub ətəklərindən başlayıb. "Odinin axtarışı. Keçmişimizin izi ilə” adlı son kitabında T.Heyerdal yazır ki, 1981-ci ildə Azərbaycana ilk səfərindən sonra eramızın əvvəllərində Pompeyin legionerlərlərindən yadigar qalan Qobustandakı qədim qayaüstü yazılardan təsirlənib. Qayaüstü təsvirlərdəki gəmilərlə qədim vikinqlərin gəmiləri arasında bənzərlik olduğunu aşkarlayan alim bu nəticəyə gəlib ki, bugünkü norveçlilərin əcdadları Qərbə səyahətlərini məhz buradan başlayıblar. Antropoloq alim tarixi sənədlərdə ölkənin yerini də tapıb: "Qafqazdan və Qara dənizdən şərqə”. Bununla da Heyerdal norveçlilərin ilk hökmdarı Odinin "Azər” adlanan torpaqdan gəlməsi haqqında vətənində geniş yayılan əfsanəni təsdiqləyib.
Şəkinin Kiş kəndindəki qədim məbəd Heyerdalı heyrətə gətirib. Arxeoloqların fikrincə, təməli eramızdan əvvəl IV əsrdə qoyulan Ay məbədi öz memarlığı ilə vikinqlərin ibadətgahlarını xatırladır.
Hacı Çələbi əfsanəsi və ağzının dadını bilənlər üçün təamlar
Şəkinin ən məşhur tarixi yerlərindən biri "Gələrsən-görərsən” qalasıdır. Qala strateji cəhətdən əlverişli ərazidə, şəhərdən təxminən 4 kilometr şimalda, Kiş çayının sol sahilində, Qaratəpə dağının zirvəsində yerləşir. Ehtimallara görə, qalanın təməli XV əsrdə Şəki hakimi Əlican tərəfindən qoyulub.
Qalanın adı Nadir şahın Şəki xanlığına təcavüzü ilə bağlıdır. 1743-cü ildə özünü Şəki xanı elan edən Hacı Çələbi həmin qalaya sığınıb və Nadir şahın tələblərini rədd edib. Şaha "gələrsən-görərsən” ismarışı yollayan Hacı Çələbini cəzalandırmaq üçün 1744-ci ildə Nadir şah böyük bir ordu ilə Şəkiyə gəlib. Lakin qalanı fəth edə bilməyərək geri qayıdıb. Bu hadisədən sonra qala xalq arasında "Gələrsən-görərsən” adlandırılıb.
"Gələrsən-görərsən” qalası bu gün Şəkiyə gələn bütün turistlərin baş çəkdiyi yerdir.
Şəkidə təkəlduz tikmə sənəti hələ də qalmaqdadır. Bir vaxtlar burada səfərdə olan ata-Dümanın təkəlduzla bağlı belə bir qeydi var: "24 rubla iki naxışlı yəhər aldım. Fransada onları hətta 2 min franka ala bilməzsən, daha doğrusu, onları heç bir qiymətə tapa bilməzsən”.
Girdə çərçivə içində toxuma üsulu olan təkəlduz incə və böyük vaxt tələb edən sənətdir. Bəzən bir təkəlduzun hazırlanması üç-dörd ay çəkir. Tikmədə ipək sapdan istifadə edilib. Maraqlıdır ki, XIX əsrin sonunda Şəkidə bu sənətlə yalnız kişilər məşğul olub. Bu gün isə təkəlduz əsasən qadınların məşğuliyyətidir. Yeri gəlmişkən, Şəki Xalq Tətbiqi Sənəti muzeyində Azərbaycan sənətkarlarının unikal tikmə kolleksiyası ilə tanış olmaq mümkündür.
Bir çox turist soraq kitabçalarında Şəkinin Azərbaycanın qastronomiya paytaxtı adlandırlması təsadüfi deyil. Bu qədim diyar ağızda əriyən məşhur paxlavanın və aromatik zənginliyi ilə seçilən pitinin vətənidir. Azərbaycanın milli yeməyi olan, xüsusi saxsı qablarda bişirilən Şəki pitisini bir dəfə dadan onu həmişəlik yadında saxlayır.
Şəki qədim yerdir və hər tarixi dövr burada öz izlərini qoyub. Böyük İpək Yolunun üstündə yerləşən şəhər Şərqlə Qərbin kəsişmə yeri olub. Sevindirici haldır ki, iki mədəniyyətin birləşməsinin bu gün, XXI əsrdə də davam edir.
(Mənbə: AzərTAC)
Qlobal.az