SON XƏBƏR

"Selhome Group” MMC ətraf mühit və dövlət maraqlarına təhlükə yaradıb - Nazirlik hərəkətə keçdi (VİDEO)

Fevral 14
10:26 2024
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb. 

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi, ev 2A ünvanında yerləşən "Selhome Group” MMC-yə məxsus anbarda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları tam quraşdırılmayıb;

- obyekt avtomatik yanğınsöndürmə qurğusu ilə təchiz olunmayıb;

- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyektin bəzi sahələrində elektrik xətləri yanar konstruksiyaların üzəri ilə çəkilib;

- obyektdə yanar mal və materiallar elektrik lampalarının və naqillərinin altında pərakəndə halda saxlanılır;

- anbar sahəsində müvəqqəti çəkilən elektrik xətlərindən, açıq sonluqlu naqillərdən, izolyasiya örtüyü zədələnən və sıradan çıxan naqillərdən istifadə olunur;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb;

- obyektin ərazisində yanğına qarşı ara məsafə gözlənilməyib və tezalışan materiallardan istifadə edilməklə arakəsmələr quraşdırılıb;

- daxili yanğın su kranları tam komplektləşdirilməyib;

- təxliyə planı mövcud deyil;

- könüllü yanğından mühafizə dəstəsi yaradılmayıb və yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

- taxta konstruksiyalı elementlər odadavamlı məhlulla hopdurulmayıb;

- normadan artıq pərakəndə şəkildə yığılmış yanar materiallar sərbəst keçidi və hərəkəti məhdudlaşdırıb;

- obyektin fəaliyyəti və yenidənqurma işləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi, ev 2A ünvanında yerləşən "Selhome Group” MMC-yə məxsus anbarın fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
 
***
 
Qlobal.az olaraq qeyd edək ki, "Selhome Group” Məhdud Məsuliyyətli Cəmiyyəti 2018-ci ilin oktyabr ayında dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Səbail rayonu, Xəqani ev 41, mənzil 48/48A ünvanıdır. 
 
2.3 milyon manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Nadirli rüfət Vahid oğludur. 
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook