SON XƏBƏR

Səmayə xanım Mövlayevanın muzeyə son gəlişi...

Sentyabr 28
02:56 2019
İlk gəncliyindən onun həyatı Nizami muzeyi ilə bağlı olmuşdu. 1957-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsini bitirərək muzeydə işə başlayanda Səmayə xanım Mövlayevanın 23 yaşı vardı.
 
O vaxtdan ta 2013-cü ilədək, düz 55 il bu doğma məkanda çalışdı.
 
İşdən də təqaüd yaşı çatdığına görə yola salınmadı.
 
Əksinə, getmək istədiyini söyləyəndə mən təkid etdim ki, qalsın, çünki onun təcrübələrinə ehtiyacımız çoxdur.
 
Və bunu da dedim ki, əgər yorğundursa, ona başqalarından fərqli iş cədvəli düzəldərik, sərbəst olar, müəyyən yazıları elə evdə hazırlayıb gətirər.
 
Lakin səhhəti onu narahat edirdi və elə səbəblər gətirdi ki, daha sözümüz qalmadı. Lakin yenə mən də, köhnə əməkdaşlarımız da onunla vaxtaşırı zəngləşirdik, hal-əhval tuturduq.
 
Arada xəstəxanaya da düşmüşdü. Həkimlərlə danışdım, qayğı göstərmələrini xahiş etdim.
 
Yəni Səmayə xanım bizə elə doğma idi ki, hətta muzeydən rəsmən ayrılandan sonra da kollektivimizin bir üzvü olaraq qalırdı.
 
İnanıram ki, bu diqqət onu riqqətləndirirdi, yaşamaq həvəsini artırırdı, həyatın bütün çətinliklərinə rəğmən onu ruhdan düşməyə qoymurdu.
 
Əlimərdan bəy Topçubaşovun adının çəkilməz, xidmətlərinin ucadan söylənməz olduğu əyyamlarda – 1971-ci ildə Səmayə Mövlayeva sanballı araşdırmalarının nəticəsi kimi ""Kaspi” qəzetində {1881-1918} ədəbiyyat və mədəniyyət məsələləri” adlı namizədlik dissertasiyası müdafiə etmişdi.
 
Onun Cəlil Məmmədquluzadənin, Məhəmməd ağa Şaxtaxtinskinin, XX əsrin əvvəllərinin gürcü qadın yazıçısı, əsərlərini "D.Vedrebiseli” kimi imzalamış Darya Maliaşvilinin "Kaspi” ilə bağlı fəaliyyətləri haqqında məqalələri 1960-70-ci illər ədəbiyyatşünaslığımızda əks-səda doğuran tədqiqlər idi.
 
Səmayə xanım Mövlayeva muzeydə xeyli müddət şöbə müdiri də işləmişdi, elmi katib də olmuşdu və həmişə son dərəcə intizamlı, işgüzar, dəqiq, həssas münasibətləri ilə hörmət qazanmışdı.
 
2 qızı – Lalə və Aytən onun yolu ilə gedərək ədəbiyyatçı, muzeyşünas olmadılar. Yadıma gəlir bir dəfə hansısa attesatasiya gedişində öz xətti ilə yazdığı tərcümeyi-halında oxumuşdum. Yazırdı ki, qızlardan biri seymoloq, digəri bioloqdur. Onları ədəbiyyatçı edə bilməmişdi, amma söz yox ki, onlara ədəbiyyata sevgini də aşılamışdı, özü kimi yaxşı insan olmağın dərslərini, tərbiyəsini də vermişdi.
 
2019-cu il sentyabrın 26-da Səmayə xanımın acı xəbəri gəldi muzeyə.
 
Və mən bu vida sözlərini muzeyimizin bütün əməkdaşlarının adından yazdım. Bəlkə də başqalarının məndən də çox deyəcək sözləri var. Amma düşündüm ki, isti-isti bəlkə də ürəklərindəkilərin, yaddaşlarındakıların hamısını kağıza köçürməkdə çətinlik çəkəcəklər.
 
Mənsə əbədi ayrılıq xəbəri ilə son dəfə muzeyə qayıtmış Səmayə xanımı sükutla yola salmaq istəmədim.
 

 
Rafael Hüseynov 
Millət vəkili, akademik

Qeyd: Yazı müəllifin feysbuk səhifəsindən əldə olunub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook