SON XƏBƏR

Sənədsiz obyektlərlə bağlı yenilik: Prosedur sadələşdirilir (VİDEO)

İyun 17
09:53 2023
İndiyə qədər bəzi səbəblərdən icazə alınmadan tikilən obyektlərin istismarına icazə verilməsi proseduru sadələşdirilir.

Qlobal.az Xezerxeber-ə istinadən xəbər verir ki, bəzi hallar istisna olmaqla, artıq həmin obyektləri sənədləşdirmək mümkün olacaq və mülkün üzərində sahiblərinin hüquqları tam tanınacaq.

Bu məsələ ölkə başçısı tərəfindən iyunun 14-də qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərmanla həlini tapacaq.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyir ki, bu fərman qanunsuz tikilən, icazəsiz istismarda olan qeyri-yaşayış obyektlərinin əfvi kimi başa düşülməlidir. Bu islahat paketi indiyə qədər tikilən və sənədləşdirilə bilməyən bütün qeyri-yaşayış əmlaklarının sənədləşdirilməsi üçün ciddi imkanlar yaradır

2023-cü il iyunun 1-dək tikilən əmlakların sahibləri onları sənədləşdirmək üçün sənədləri ilə birlikdə 2025-ci il yanvarın 1-dən gec olmayaraq Nazirliyə müraciət etməlidirlər.

Regionlarda olanlar isə FHN-in Gəncə, Lənkaran, Qəbələ, Yevlax və Salyan rayonlarında yerləşən regional mərkəzlərinə müraciət edə bilərlər.
Daşınmaz əmlakın kadastrı və reyestri publik hüquqi şəxsi idarə heyətinin sədrinin müavini Elşad Məmmədov bildirdi ki, fərman minlərlə qeyri-yaşayış obyektinin sənədləşməsinə səbəb olacaq.

Bələdiyyə, dövlət mülkiyyətində olan torpaqların sənədləşdirilməsi aparılacaq. Obyekt sahibləri bu torpaqları ya icarəyə götürəcək və ya birdəfəlik alacaqlar. Daşınmaz əmlakın qeydiyyatı torpağın ayrılması, tikintiyə icazənin alınması, tikintinin başa çatdırılması və istismara verilməsindən sonra başlayır. Bu prosedurlardan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün müraciət olunmalıdır

Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Rəşad İsmayılov bildirib ki, bu fərman şəhərsalma ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə səbəb olacaq. Artıq qanunsuz tikilən obyektlərə kommunikasiya xətlərinin çəkilməsinə icazə verilməyəcək. Qanunsuz tikintilərə kommunikasiya xətlərinin çəkilməsi və qoşulmalar 1 iyuldan qadağan ediləcək.

Həmçinin şəhərsalma sahəsində sərtləşdirilmə tədbirləri də gücləndirilir. İcazəsiz və məlumat vermədən tikinti aparanlarla bağlı sanksiyalar nəzərdə tutulub.

O da bildirildi ki, 2024-cü ilin yanvar ayının 1-dən etibarən tikintiyə icazə prosedurları tam elektronlaşdırılacaq.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook