SON XƏBƏR

Serbiya və Xorvatiya arasında siyasi qalmaqal: Nazir prezidenti "Rus peyki" adlandırdı

Fevral 26
10:41 2024
Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç-Radman Serbiya prezidenti Aleksandr Vuçiçi "Rusiyanın peyki" adlandırıb. Buna səbəb Xorvatiyanın Belqraddakı səfirliyi yaxınlığında keçirilən etiraz aksiyası olub.

Qaynarinfo-nun "Politico"ya istinadən məlumatına görə, nazir vurğulayıb ki, Vuçiç hansı tərəfdə - Rusiya, yoxsa Avropa İttifaqı - qərar verməli olacaq, çünki eyni anda iki stulda oturmaq mümkün deyil və əlverişsizdir.

Xarici işlər naziri Serbiya prezidentini "Rus peyki" adlandırıb və deyib ki, Rusiyanın Qərbi Balkanlarda zərərli təsirinə dözmək olmaz. 

Vuçiç tənqidi cavabsız qoymayıb. O, Qliç-Radmanı nəinki Serbiyanın daxili işlərinə kobud şəkildə müdaxilə etməkdə, həm də həmişə olduğu kimi, yalan danışmaqda, serb xalqını təhqir etməkdə və Serbiya vətəndaşlarını hədələməkdə ittiham edib.

"Mən heç vaxt heç kimin xidmətçisi olmamışam, amma bunu Qliç-Radman haqqında demək mümkün deyil", deyə Vuçiç bildirib.

Serbiya Xarici İşlər Nazirliyi Qliç-Radmanın şərhlərini qəbuledilməz adlandırıb. Onlar qeyd ediblər ki, xorvatiyalı nazirin bəyanatları Serbiya Respublikasına və serb xalqına qarşı nifrət mühitinin artmasının davamıdır və regionda sülh və sabitliyin təşviqi üzrə ümumi siyasəti pozur.

Qeyd edək ki, Serbiyada keçirilən parlament və yerli seçkilərdə Vuçiçin hakim partiyası qalib gəlib, bundan sonra ölkədə etirazlar başlayıb. ATƏT müşahidəçiləri qanun pozuntularını qeydə alıblar: ədalətsiz rəqabət, medianın qərəzliliyi və seçicilərin rüşvətxorluğu.

Bu yaxınlarda Serbiyada minlərlə insan toqquşmalarla başa çatan etiraz aksiyalarına çıxıb. 38 nümayişçi saxlanılıb. Əksəriyyət konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə çağırışlarda və ictimai toplantılarda zorakı davranışda şübhəli bilinir.

Bu iğtişaşlar fonunda Vuçiç Rusiya səfiri ilə görüş keçirib. Üstəlik, Serbiya və Rusiya iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlıq sazişi imzalamaqla və Rusiya hərbi pilotsuz təyyarələrinin Serbiyaya çatdırıldığını elan etməklə əlaqələri daha da gücləndiriblər.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook