SON XƏBƏR

Şərqşünaslıq fakültəsinin tədris işləri üzrə dekan müavini Cavanşir Məmmədzadə beynəlxalq elmi konfransda mükafatlandırılıb

May 20
00:38 2019
İran İslam Respublikasının Təbriz şəhərində XX əsr fars poeziyasının ən tanınmış qadın siması Pərvin Etesaminin (1907-1941) həyat və yaradıcılığına həsr olunmuş beynəlxalq elmi festival keçirilib. Təbriz Universiteti və Şərqi Azərbaycan vilayətinin Mədəniyyət və islami istiqamətləndirmə idarəsinin təşkilatçılığı ilə keçirilmiş tədbirin katibliyinə ölkə daxilindən və xaricdən 100 məruzə, məqalə, şeir təqdim olunub. 
 


"Pərvin Etesami” festivalı Şərqi Azərbaycan vilayətinin ümumi 100 kitabxanasında şairənin əsərlərinin, onun haqqında yazılmış monoqrafiya və müxtəlif kitabların nümayişi, Pərvin Etesaminin şeirlərindən ibarət kalliqrafiya və rəsm sərgiləri, şeir gecəsi və musiqi məclisləri, bölmə iclaslarının təşkilindən ibarət olub. 
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin tədris işləri üzrə dekan müavini, İran filologiyası kafedrasının baş müəllimi Cavanşir Məmmədzadə "Pərvin Etesami” beynəlxalq festivalında Təbriz Universitetinin professoru xanım Bağerinin sədrlik etdiyi bölmə iclasında "Pərvin Etesaminin həyat və yaradıcılığının Azərbaycan Respublikasında öyrənilməsi” mövzusunda həm fars, həm də Azərbaycan dillərində geniş məruzə ilə çıxış edib. Sonra Cavanşir Məmmədzadə beynəlxalq festivalın ikinci bölmə iclasına rəhbərlik edib. Şərqşünas alim şairənin həyat və yaradıcılığına dair fikirlərini məruzəçilərlə paylaşıb, Pərvin xanımın poeziyasından şeir parçaları misal gətirib.   

İran İslam Respublikasının bir sıra hökumət rəsmiləri, dövlət məmurları, xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları, tanınmış alim, şair, yazıçı, incəsənət xadimləri, tələbə və doktorantların iştirakı ilə baş tutan bağlanış mərasimində "Pərvin Etesami” beynəlxalq festivalının işində fəal iştirakına, dolğun və məzmunlu məruzəsinə görə Azərbaycan Respublikasından yalnız Cavanşir Məmmədzadə "Təşəkkürnamə” ilə mükafatlandırılıb. Xüsusi diplomu Cavanşir Məmmədzadəyə izdihamlı alqış sədaları altında İran İslam Respublikasının Mədəniyyət və islami istiqamətləndirmə nazirinin müavini cənab Möhsün Cavadi təqdim edib. 

Qeyd edək ki, həmin xüsusi diploma tədbirin elmi katibliyinin yekdil qərarı ilə məqaləsi üstün bilinən yalnız dörd nəfər məruzəçi layiq görülüb. Cavanşir Məmmədzadənin Türkiyə, Pakistan və Banqladeşdən olan alimlərlə bir sırada yüksək səviyyədə təltifatlandırılması, beynəlxalq festivalın xüsusi dərgisində əsasən onun sədrlik etdiyi bölmə iclasından fotoların paylaşılması həmyerlilərimizin böyük sevincinə səbəb olub.

Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook