Səudiyyə şahzadəsi İranla müharibə anonsu verdi
Mart 30
13:07
2018
Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman Əl Səud 10-15 ildən sonra İranla mümkün müharibədən danışıb.
Virtualaz.org bildirir ki, "Wall Street Journal" nəşrinə müsahibə verən şahzadə regionda hərbi qarşıdurmadan yayınmaq üçün dünya ictimaiyyətini rəsmi Tehrana qarşı daha sərt sanksiyalar tətbiq etməyə çağırıb.
"Biz nə olursa-olsun, hərbi münaqişədən qaçmalıyıq. Əgər buna nail olmasaq, 10-15 ildən sonra İranla müharibə başlayacaq", - şahzadə deyib.
Virtualaz.org xatırladır ki, Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman ABŞ-da iki həftəlik səfərdədir. O, bir neçə gün əvvəl ABŞ-dakı yəhudi icmasının liderləri - İsrail ictimaiyyəti ilə əlaqələr üzrə Amerika Komitəsi, Antidiffamasiya Liqası, Amerika Yəhudi Komitəsi, "Bney Brit” və digər yəhudilərin başqa təşkilatlarının təmsilçiləri ilə görüşüb.
Məhəmməd bin Salman ABŞ prezidenti Donald Tramp, onun müşaviri və kürəkəni Cared Kuşner, müdafiə naziri Ceyms Mettis, Yaxın Şərq üzrə xüsusi səfir Ceyson Qrinblattla da görüş keçirib.
Onu da xatırladaq ki, Səudiyyə Ərəbistanı ilə İsrail arasında yarandığı vaxtdan indiyədək heç vaxt diplomatik münasibət olmayıb.