SON XƏBƏR

Seymur Orucov sələfinin yolunu gedir?

İyun 02
17:06 2021
Ağstafa Rayon İcra Hakimiyyəti "Meqa An İnşaat” MMC ilə 419 221.88 manatlıq satınalma müqaviləsi imzalayıb. 

Müqavilədə Ağstafa rayonunda yolların əsaslı təmiri nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Meqa An İnşaat” MMC-nin 1 dekabr 2009-cu ildə qeydiyyata alındığı göstərilir. 

Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Ağstafa rayonu Ağstafa şəhəri, M.Ə.Sabir küçəsi, ev 9-da yerləşir. MMC-nin qanuni təmsilçisi Aslanov Yaşar İmamverdi oğludur.  

Yaşar Aslanov bundan əvvəl "Səma MM İnşaat” MMC-nin qanuni təmsilçisi olub. 

Bu şirkət "Meqa An İnşaat” MMC-yə məxsus Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) ilə fəaliyyət göstərib.

Araşdırmalar zamanı bəlli olur ki, "Səma MM İnşaat” MMC əsasən Ağstafanın yerli qurumlarının keçirdiyi tenderlərin qalibi olur. 

Son iki ildə bu şirkət və "Meqa An İnşaat” MMC ilə toplam 2 715 102 manatlıq satınalma müqaviləsi bağlanıb. 
 


Müqavilələrdə Ağstafada qeyri yaşayış binalarının təmiri (bağça), abadlaşdırma xidmətləri haqqının ödənilməsi və Ağstafa rayonunda yolların əsaslı təmiri işləri nəzərdə tutulur.

Mediada yayılan məlumatlara görə, Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalarda "Səma-MM İnşaat” MMC-nin rayon Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin sifarişi ilə həyata keçirilən işlərdə smeta xərclərinin şişirdilməsi, görülməyən işlərə görə pul ödənişləri kimi halların aşkar olunub. 

Bu yoxlamadan sonra "Səma MM İnşaat” MMC dövriyyədən çıxarılıb. İndi Ağstafanın yerli qurumlarının tenderləri yalnız "Meqa An İnşaat” MMC-yə verilir.

İqtisadçı Natiq Cəfərli "Arqument.az-a deyir ki, bu məsələlədə şəffaflıq olmalı, ictimaiyyətə aydın informasiya verilməlidir:
 

 
"Deyirlər ki, şirkət ağlabatan təcrübəyə malik olmalıdır. Ağlabatan təcrübə üçün də azı 3 il vaxt lazımdır ki, həmin sahədə MMC hansısa təcrübə qazansın. Düzdür, orada konkret vaxt göstərilməyib, amma tender və satınalmaları həyata keçirən şirkət üçün üç illik təcrübə də böyük vaxt deyil, yəni burada 2 ildən bir qədər çox vaxt keçib. Ona görə də bu məsələ araşdırılmalıdır".

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovdur. 

O, 2020-ci ildən bu vəzifədədir. Onun hakimiyyəti elan etdiyi islahatlar kampaniyası çərçivəsində vəzifəyə gətirldiyi bildirilir. 

Sələfi Nizaməddin Quliyev korrupsiya əməllərinə görə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilib. 

Arqument.az Ağstafa Rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənə bilməyib. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook