SON XƏBƏR

Şimali Kipr Türk Cümhuriyyətində “Heydər Əliyev həyatının 100 anı” kitabının təqdimatı keçirilib

Oktyabr 12
10:28 2023
Şimali Kipr Türk Cümhuriyyətində "Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan və ingilis dillərində işıq üzü görmüş "Heydər Əliyev həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib...

Şimalı Kiprın Prezidenti, Parlamentinin Sədri,Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbərliyi, yerli ictimaiyyət və Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən Azərbaycan diaspor nümayəndələrinin, ictimai-siyasi xadimlərin, elm, təhsil və mədəniyyət işçilərinin iştirak etdiyi təqdimat mərasimi kitabın müəllifi, "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirlinin "Zirvə İslahatlara Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Elçin Axundzadənin və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri, həmyerlimiz Orxan Həsənoğlunun birgə təşkilati dəstəyi ilə təşkil olunub.

İlk öncə tədbir iştirakçılarını salamlayan "Heydər Əliyev həyatının 100 anı” kitabının müəllifi, "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli çıxış edərək Ümummilli Liderin həyat yolundan, müstəqil Azərbaycan Respublikasının inkişafındakı rolundan və Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti münasibətlərinin dərinləşməsinə verdiyi töhfələrdən bəhs edib. Emil Nəsirli həmçinin əbədiyaşar liderin müstəqil Azərbaycanın Prezidenti kimi, respublikanın daxili və xarici siyasətdə qazandığı uğurlarda misilsiz xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb, Ulu Öndərin Türk Dövlətlərinin dövlət başçıları ilə görüşlərindən söz açıb.

Emil Nəsirli qeyd edib ki, Heydər Əliyev ölkəmizin Türkiyə ilə münasibətlərə necə böyük önəm verdiyini ilk günlərdən bəyan edərək deyirdi ki, bizim ölkələrimiz –türk dövlətləri və Azərbaycan Respublikası dost və qardaş ölkələrdir. Xalqlarımızın birliyi, qardaşlığı və dostluğu əsrlərdən-əsrlərə keçərək formalaşmış və bu gün özünün yeni mərhələsinə çatmışdır. İndi Azərbaycan Respublikası müstəqil dövlətdir və müstəqil dövlət olaraq öz ölkəsinin, xalqının, öz sərvətlərinin sahibidir. Azərbaycan Respublikasının müstəqilliyini dünya ölkələri arasında ilk dəfə Türkiyə tanımışdır. Bu isə o vaxt Azərbaycanın dünya dövlətləri, dünya birliyi tərəfindən tanınmasında çox böyük addım olmuşdur.

Baş redaktor Azərbaycanın strateji coğrafiyada yerləşməsilə yanaşı həmdə müxtəlif mədəniyyətlərin qovuşduğu bir ölkə olduğunu, Azərbaycan cəmiyyətinin mədəniyyətləri daha da zənginləşdirərək tolerantlıq və multikulturalizm prinsip və ənələləri əsasında inkişaf etdirdiyini də xüsusi qeyd edib. Sonra E.Nəsirli ulu öndərin nəsillərə örnək olan həyat yolu, Azərbaycan dövlətinin möhkəmləndirilməsi və dünyada öz layiqli yerini tutması istiqamətində göstərdiyi siyasi fəaliyyət barədə geniş məruzə edib. Müəllifi olduğu "Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Azərbaycan və ingilis dillərində işıq üzü görmüş "Heydər Əliyevin həyatının 100 anı” kitabı haqqında geniş məlumat verən Emil Nəsirli onu da vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir, bundan sonra da neçə-neçə nəsillər bu məktəbdən bəhrələnərək Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcəkdir. "Ulu Öndər Heydər Əliyev Azərbaycanın yeni tarixini yazıb, yaratdığını və bu tarixin bu gündə yaşadığını bildirdi. Qeyd etdi ki, dahi şəxsiyyət ictimai-siyasi həyatın bütün sahələrini fəth etmişdir” -deyə qeyd edən E.Nəsirli onu da əlavə edib ki, bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyini öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimidir. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat və həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi.
Daha sonra Emil Nəsirli tədbirin təşkil edilməsində göstərdiyi dəstəyə görə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri həmyerlimiz Orxan Həsənoğluna təşəkkür edib və deyib: "Şimali Kipr Türk Cümhuriyyətində ölkəmizin tanıdılması, Azərbaycan həqiqətlərinin yayılması istiqamətində Orxan müəllimin nə kimi işlər görməsi ilə maraqlandıqda fəxrlə demək olur ki, həmyerlimiz gəldiyi ilk ildə burada Azərbaycan-Kipr Dostluq Cəmiyyətini qurub. Hazırda onun sədridir. Demək olar ki, Cəmiyyət tərəfindən bütün ilboyu onlarca tədbirlər keçirilir, ölkəmiz təbliğ olunur. Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti, həmçinin "Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının Fəxri üzvü, jurnalın təsis etdiyi "Azərbaycanın Dostu” qızıl ordeninə layiq görülmüş cənab Ersin Tatar cəmiyyətə davamlı dəstək verir. Beynəlxalq səviyyəli tədbirlər keçirilir. Azərbaycan-Kipr Dostluq Cəmiyyəti Azərbaycanın həqiqətlərini bu beynəlxalq atmosferdə qürurla təbliğ edir. Qürur duyuruq ki, bu sahədə burada təhsil alan tələbələrimiz çox aktivdirlər. Dünyanın hansı ölkəsində olmasına baxmayaraq bütün həmvətənlərimizin qəlbində hər zaman vətən məhəbbəti var. Hazırda Azərbaycan Respublikası ilə Türk dövlətləri arasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş qardaşlıq münasibətləri özünün ən yüksək mərhələsindədir.

Təqdimat mərasimində Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti, həmçinin "Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının Fəxri üzvü, jurnalın təsis etdiyi "Azərbaycanın Dostu” qızıl ordeninə layiq görülmüş cənab Ersin Tatar, Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Zorlu Töre çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi olması, həmçinin Azərbaycan-KKTC əlaqələrinin hazırkı durumu, Türk Birliyinin qurulması, inkişaf etməsi, ölkələrinin müstəqilliyinin tanınması ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə çıxış edən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri, Şimali Kipr Türk Cümhuriyyətinin Girne Amerikan Universitetində Millətlərarası Yay İngiliscə Mərkəzinin direktoru, eyni zamanda İstanbul Avropa İnstitutunun direktoru, həmyerlimiz Orxan Həsənoğlu bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin "Bir millət, iki dövlət” tezisi milli-mənəvi dəyərlərimizin tarixən ortaqlığını, xalqlarımızın mədəniyyətinin, incəsənətinin, musiqisinin, bütünlükdə mənəvi dünyasının bir-biri ilə təbii-tarixi qarşılıqlı əlaqədə olduğunu da əks etdirir. " Ulu Öndərin hər zaman vurğuladığı kimi, Azərbaycan – türk dövlətləri dostluğu və qardaşlığı sarsılmazdır, əbədidir və xalqlarımızın qarşılıqlı inkişaf və tərəqqisinin hərəkətverici qüvvəsidir” - deyə Orxan Həsənoğlu vurğulayıb.

Daha sonra "Zirvə İslahatlara Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Elçin Axundzadə çıxış edərək Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd edib. E.Axundzadə bildirib ki, Ulu Öndər Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də, xalqımız Ümummilli Lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb. Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi "Azərbaycan dünyaya günəş kimi doğacaq" fikrini xatırladaraq Ulu Öndərin layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sayəsində bunun artıq reallıq olduğunu vurğulayıb.

Sonda Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin üzvləri, yerli ictimaiyyət və Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən Azərbaycan diaspor nümayəndələrinin, ictimai-siyasi xadimlərin, elm, təhsil və mədəniyyət işçilərinin və digər şəxslərin qatıldıqları tədbirdə mərasim iştirakçılarının Ulu Öndər Heydər Əliyevin irsi ilə bağlı suallarını cavablandıran Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli "Heydər Əliyevin həyatının 100 anı" kitabını tədbir iştirakçılarına hədiyyə edib.
 
Qlobal.az

 

 

 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook