SON XƏBƏR

Simonyan II Qaregini hədələdi - “Bu cür hərəkətlər nəticəsiz qalmayacaq”

İyun 13
13:45 2024
"Bu, Ermənistanın parlamentinə, demokratiyasına, müstəqilliyinə, suverenliyinə qarşı hücum və acizliyin təzahürü idi”.

"AzPolitika” xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan İrəvandakı ötən gün baş tutan və ciddi toqquşmalara səbəb olan etiraz aksiyaları barədə mətbuata açıqlamasında deyib.

Parlament başçısının bu cür kəskin açıqalma ilə çıxış etməsi təsadüfi deyil. Belə ki, keşiş Baqrat Qalstanyanın başçılıq etdiyi aksiyalar dramatik xarakter almağa başlayır və küçələrdə polislə aksiya iştirakçıları arasında ciddi qarşıdurmalara çevrilir. Ötən gün onlar parlament binasına soxulmaq istəyiblər, lakin buna nail ola bilməyiblər. 86 aksiya iştirakçısının saxlanıldığı xəbər verilir ki, bu da son zamanların ən kütləvi həbsləri sayılır.

Bununla yanaşı, Simonyan bütün baş verənlərin müxalifətin tükənməsinin təzahürü kimi qiymətləndirərək, hadisələrin qızışdırılmasında ilk dəfə rəsmi olaraq, birbaşa erməni kilsəsinin başçısı II Qaregini ittiham edib.

Onun sözlərinə görə, etirazçılar vəziyyəti gərginləşdirmək, toqquşmalara səbəb olmaq, qan tökmək üçün hər şeyi edirlər və buna görə şəxsən II Qaregin məsuliyyət daşıyıır: "Bu cür hərəkətlər nəticəsiz qalmayacaq. Bütün bunlara görə məsuliyyəti II Qaregin daşıyır”.

O, deyib ki, baş verənlərin arxasında həmçinin, keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyan, eləcə də "Daşnaksütyun” partiyası dayanır: "Bütün bunların içərisində geosiyasi və hibrid müharibə elementləri var. Bu, hadisələrin media və təbliğat nümayəndələri tərəfindən necə işıqlandırılacağında özünü göstərəcək. Məqsəd idarə olunan hökumət və suverenliyindən imtina etməyə hazır olan bir ölkəyə sahib olmaqdır ki, o da hansısa bir ittifaqın bir hissəsi olmalıdır". 

Bununla da Simonyan növbəti dəfə keşiş Baqratın arxasında duran Koçaryanla Sarqsyanın Rusiyanın ssenarisi üzrə hərəkət etdiyinə açıq eyham vurub. Lakin bu dəfə II Qaregini də həmin sıraya daxil edərək, onun cəzasız qalmayacağına işarə edib.

İrəvanda isə parlamentin növbəti iclası ilə yanaşı, etiraz aksiyaları davam edir. Erməni mətbuatının yazdığına görə, bu gün səhərdən başlayaraq, Qalstanyanın başçılıq etdiyi dəstə hökumət binasına doğru hərəkət edib. Eyni zamanda bildirilir ki, Paşinyan polisə aksiyaçıların qanunsuz hərəkətlərinə qarşı sərt davranmaqla bağlı "yaşıl işıq” yandırıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook