SON XƏBƏR

Sökülən Bakının yerində necə bir şəhər meydana gələcək?

İyun 07
19:09 2016
Abadlaşma dağıdıcılıq yox, quruculuq olmalıdır
 
Bakının yuxarı məhəlləsində təqribən iki ildir şıdırğı söküntü gedir. Əvvəlcə daha çox keçmiş Sovetski ilə Yuxarı Naqornı – indiki Abdulla Şaiq küçəsi arasındakı cərgədə aparılan söküntü işləri get-gedə daha geniş əraziləri ağuşuna almağa başladı. Bakının özünəməxsus adət-ənənələrilə, mədəni-mənəvi mühitilə məşhur olan bu köhnə məhəlləsi beləcə yox olmağa üz tutub. Bəziləri yüz illik və daha qədim tarixi olan, nəsillərin böyüyüb boya-başa çatdığı nəinki həyət evləri, hətta açıq-aşkar memarlıq əsəri olan, sənətkarlıq baxımdan dəyər kəsb edən binalar, imarətlər də buldozerin ağzına verilir, yerlə yeksan olur.
 
Həmişə həyatla dolub-daşan, qaynayan, quşbazların damlarda göyərçin uçurtduğu, əyri-üyrü küçələrdə uşaqların qaçıb-oynadığı, cayılların tinlərə yığışdığı, böyüklərin isə həyətlərdə nərd vurduğu bu yerlərdən getdikcə əl-ayaq yığışır, əvəzinə səssizlik, tənhalıq çökür, çərçivəsi sökülmüş qapı-pencərələrdən, darvazalardan yel dolaşır. Artıq sökülən evlər yerində geniş boş ərazilər əmələ gəlib, ətrafı ot-ələf bürüyüb. Bu qəmgin mənzərəni tamamlayan ekskavatorların və daş-torpağ daşıyan ağır maşınların uğultusu, bir də ev-eşik əşyalarını sahiblərilə birgə qəribliyə aparan yük avtomobilləridir.
 
Bakının yuxarı və bir sıra başqa məhəllələrində aparılan söküntü işlərini hökumət ötən il keçirilən birinci Avropa Oyunlarına hazırlıqla, həmçinin paytaxtın abadlaşdırılması, müasirləşməsi kimi basmaqəlib sözcüklərlə əsaslandırır. Heç şübhəsiz ki, abadlaşma da, müasirləşmə də vacib məsələdir. Hərçənd uzun illərdir yığılıb qalmış bu məsələləri idman yarışlarına, bununla bağlı paytaxtımıza axışacaq xarici qonaqlara bağlamaqla tələm-tələsik "yoluna qoymaq” xəttini seçən hökumətin davranışı ölkənin, xalqın problemlərini çözmək, rifahını təmin etməkdən daha çox "beynəlxalq imic” söhbətini ortaya atıb əslində əcnəbilərin gözünə kül üfürmək və bununla da xaricdə siyasi kapital toplamaq təlaşına qapılması təəssüratını yaradır.


Yuxarı məhəlləni sökməyi sadəcə şəhərin köhnə, yararsız yaşayış evlərindən yaxa qurtarmaq, paytaxtı abadlaşdırmaq kimi qələmə vermək məsələni dar çərçivəyə salmaqdan başqa bir şey deyil. Əslində isə söhbət bütöv bir toplumun, tarixi-sosial-mədəni mühitin yox olmasından, daha doğrusu yox edilməsindən gedir. Buradakı yaşayış tərzi kimlərəsə köhnəlmiş, müasir standartlara zidd və sair görünə bilər, amma dədə-babadan həyət evlərində yaşamış və indi də köçüb getmək qismətilə üzləşən "Sovetski” sakinləri hətta ən modern, dəbdəbəli mənzillərdə belə (hərçənd cüzi kompensasiya alan sakinlərin bu cür şəraitə köçmək ümidi də cüzidir) heç şübhəsiz ki, özlərini qərib hiss edəcəklər. Sarmaşıq üzüm meynələrinin dırmandığı qırlı damlar, tut, çinar ağaclarının xəzəli basmış darısqal həyətlər onların hafizəsindən heç vaxt silinməyəcək. Vaxtilə şəhərin kənarı olan həmin məhəllə zaman keçdikcə müasir binalarının əhatəsinə düşdüyündən buranın əhalisi də bir qədər içinə qapalı yaşayıb və beləcə əvvəlki həyat tərzini, adət-ənənələrini xeyli dərəcədə qoruyub saxlamışdı. "Gözəl şəhər, mehriban diyar” kimi əzəldən bəri ad çıxaran Bakının köhnə məhəllələrində həyət qonşuları iç-içə yaşayıb, az qala bir ailə kimi dolanıb, burada qonşu haqqı, qonşu həmrəyliyi elə-belə quru söz yox, gündəlik həyatın şəksiz və hər kəsin əməl etdiyi qanunu olub. Belə ki, "Sovetski”nin sökülməsi geniş mənada ənənəvi toplu yaşayış tərzinin müasir dövrün fərdi mənzillərdə, yaxud evlərdə əlahiddə yaşayış tərzi qarşısında sıxışdırılması kimi dəyərləndirilə bilər.
 
Məsələnin başqa tərəfləri də var. Bu gün Bakının təkcə yuxarı məhəlləsinin yox, başqa köhnə məhəllələrinin də sökülməsi gündəmdədir və ayrı-ayrı yerlərdə bu, əmələ də keçirilir. Bu yerdə sual vermək lazım gəlir ki, abadlaşdırmaq nə vaxtdan şəhəri ucdantutma söküb uçurmaq kimi başa düşülür? Belə ki, hətta Bayır Şəhərin tarixi özəyini təşkil edən Beşmərtəbədən tutmuş ta "Torqovı”ya qədər olan ərazidə belə söküntülər aparılacağından söz salınır. Burada hələ "Qış bulvarı” salınarkən bir çox dəyərli binalar yox edilib, qalan hissənin də tarixi memarlıq bütövlüyü pozulub, qədim, yaraşıqlı binalar arasında hansısa vəzifəli nadanların fitvası ilə yöndəmsiz, yerli şəraitə qətiyyən uyğun gəlməyən "göydələn”lər peyda olub. Yeri gəlmişkən, vurqulamaq zəruridir ki, Bakının, Abşeronun nə küləkli iqlimi, nə də gilli torpaq süxurları bu qədər hündür binalar inşa etməyə əlverişlidir. Hamımıza yaxşı məlum olduğu kimi, hətta mülayim külək qalxan kimi nəinki son illər harada gəldi ucaldılmış "plaza” və "palace”ların, elə sovet dövrünün doqquz mərtəbəli binalarının da yaxınlığında fırtına qopur. Yəni bu sayaq tikintilərin fərmanını verənlər ən adi mühəndislikdən, şəhərsalma qaydalarından bixəbərdirlər, yaxud da bu kimi mətləblərə məhəl qoymurlar.
 
Qeyd edək ki, söküntü işlərini genişləndirmək üçün hökumət hüquqi addımlar da atır, daha doğrusu, tarixi mədəni irsimizin bir hissəsi olan binaları uçurtmağa hüquqi maneələri aradan qaldırmağı unutmur. Belə ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 18 may 2016-cı il tarixli 196 nömrəli qərarına əsasən birinci sənədin 3 nömrəli əlavəsindəki "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”ndan 2981, 3572, 3588, 3602, 3605, 3606, 3607, 3608, 3609, 3617, 3618, 3619, 3620, 3648, 3651, 3659, 3660, 3667, 3700, 3711, 3713, 3717 və 3724 inventar nömrəli obyektlər çıxarılır. Həmin obyektlər arasında 21 yaşayış evi və 2 abidə var. APA-nın xəbərinə görə, sözügedən abidələrdən biri M.Muxtarov küçəsi, 83 ünvanında ("Azdrama”nın arxasında) yerləşən, 1888-ci ildə tikilmiş hamamdır ki, bu binada Dövlət Yuğ Teatrı yerləşirdi. Digər abidə isə S.Rəhimov və A.Şaiq küçələrinin tinində yerləşən, XIX əsrin sonunda tikilmiş Şollar su kəmərinin su yayma qülləsidir. Yaşayış binalarına gəlincə, bunlar 1885-1916-cı illər ərzində tikilib. Görəsən, bina və tikililəri rəsmi abidələr siyahısından çıxartmaq üçün ekspertiza təyin olunurmu, mütəxəssis rəyi verilirmi?
 
Azərbaycanın mövcud gercəklikləri nəzərə alınsa, buna o qədər də bel bağlamağa dəyməz. Xatırlatmaq yerinə düşər ki, hökumətin dönə-dənə qovuşmaq barədə dəm vurduğu Avropada irili-xırdalı şəhərlərin tarixi mərkəzlərini söküb yerində 25 mərtəbəli binalar ucaltmaq heç kəsin ağlına gəlmir, orada qədim binalar və məhəllələr olduğu kimi saxlanır. Bütün mədəni toplumlarda tarixə, keçmişə hörmət mədəniyyətin ən başlıca şərtlərindən biri kimi qəbul olunur.
 
Digər tərəfdən həmin tarixi yerlər turizm məkanları kimi də ölkə xəzinəsinə xeyli gəlir gətirir, yeni binalar, işgüzar mərkəzlər isə ayrıca salınır. Bəs bizdə ölkənin, millətin keçmişinə niyə bu qədər ögey münasibət hökm sürür, kimlərinsə hədsiz tamahkarlığı qarşısında milli qeyrət nə üçün əhəmiyyətsizləşir?! Keçmişə güllə atanı gələcək topa tutar deyə hikmətli atalar sözümüz niyə unudulur? Uzun illərdir sevə-sevə baxdığımız "Üzeyir ömrü” filmində Bakımızın da bir vaxtlar tarixi görkəmini, simasını xeyli dərəcədə qoruyub saxlamış olduğu açıq-aşkar nəzərə çarpır. Bu film sovet dövründə çəkilib ki, o vaxtlar hökumət infrastruktur və abadlıq işlərinə bir o qədər fikir vermirdi, heç "infrastruktur” sözü dövriyyəyə buraxılmamışdı da. Görəsən, bu gün, müstəqil dövlətimizin misli görünməmiş sürətlə inkişaf etdiyi bir vaxtda keçmişimizlə bağlı mövzularda elə-belə paytaxt küçələrində, pavilyon-filan qurmadan film çəkə bilərikmi? Abadlıq adı ilə ucdantutma eyni cür bayağı tərzdə üzlənmiş, inşa olduğu dövrü, memarlığı artıq bilinməyən, yeknəsəq görüntüyə bürünmüş binalar əhatəsində bu təbii ki, mümkün deyil. Əfsuslar olsun ki, qədim Bakınin tarixi simasından gözdən uzaq ara küçələri nəzərə almasaq demək olar ki, heç bir şey qalmayıb və ölkə ictimaiyyəti, ziyalılarımız buna sözün əsl mənasında biganə qalıb. "İnkişaf”ımız bu minvalla gedərsə, tariximizin olan-qalanının da məhv olub getməsi, qoruğa çevrilib min cür "konservasiya”lardan sonra tarixiliyindən əsər qalmamış 2500 illik İçərişəhər istisna olmaqla Bakının da ikinci Sumqayıta dönməsi çətin deyil.
 
 
Əslində bütün bunlar tarixən, ən çox da son iki yüzillikdə, həm də təbii ki, məhz şəhərin qədim məhəllələrində təşəkkül tapmış Bakı mühitini, Bakı toplumunu, bakılı kimliyini gerçək mənada ortadan qaldırmağa yönəlir. Paytaxtın öz yerli sakinləri sökülən evlərinə görə hökumətin təyin etdiyi kiçik kompensasiya alıb şəhərdə gündən-günə çoxalan, amma əksər hissəsi boş qalan "göydələn”lərə yox, əsasən ucqarlara, yaxud ətraf qəsəbələrə, daha çox da ölkənin başqa bölgələrindən gələnlərin məskunlaşdığı "yeni məhəllə”lərə, yəni yad mühitə köçməli olur. Yeri gəlmişkən, o da qəribədir ki, şəhərimizin içində söküntülər get-gedə daha geniş vüsət aldığı bir vaxtda bütün Abşeronu bürümüş qanunsuz-sənədsiz fərdi evlər az qala toxunulmaz elan edilir, sənədləşdirib qanuni status alması barədə ən yüksək səviyyədə açıqlamalar və tapşırıqlar verilir. Belə ki, Azərbaycan Respublikası prezidentinin "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək (yəni 2014-cü ilədək) əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı haqqında 13 yanvar 2015-ci il tarixli fərmanına əsasən, hökumət bu cür qanunsuz tikilən evlərə mülkiyyət hüququ verəcək. Halbuki şəhərdə 60, 80, 100 il bundan əvvəl tikilmiş bir çox evlərin, mənzillərin heç müvafiq sənədi yoxdur. Soruşmaq yerinə düşər ki, görəsən, Bakı kimi şəhərin ətraf ərazilərinin də abadlaşdırılmasından niyə söhbət getmir? Axı iri şəhərlərin öz ərazisi ilə yanaşı ətrafları da kortəbii yox, mütəşəkkil, planlı şəkildə qurulmalı, inkişaf etdirilməlidir. Bizdə isə hökumətin düşüncəsiz siyasəti ucbatından istər Bakı, istərsə də bütün Abşeron bu gün ən geri qalmış ölkələrə xas olan görkəm alıb. Yalnız son bir-iki ildir, artıq çoxdandır iş işdən keçəndən sonra Bakı şəhərinin yeni baş planı, Böyük Bakının regional inkişaf planı deyilən sənədlər ortaya atıldı, hətta ictimai müzakirəsindən soz salmağa başladılar. Lakin çox qəribədir ki, həmin sənədlərə inansaq, hal-hazırda Bakı əhalisi 1,7 milyon, 2030-cu ildə 2,3 milyon olacaq, Böyük Bakı, Xırdalan və Sumqayıtda isə indi 2,6 milyon, 2030-cu ildə 3,85 milyon adam yaşayacağı gözlənir (?!). Xatırladaq ki, Bakının 1,7 milyonluq əhalisi ötən əsrin 80-cı illərin ikinci yarısına aid olan məlumatdır. Yəni sözügedən sənədlərdə Bakının, Abşeronun 20 ildən çoxdur nəhəng və aramsız köç hesabına tanınmaz hala gəldiyi, paytaxtın ətraf ərazilərində kortəbii, nizamsız tikilən fərdi evlər üzündən iynə atsan yerə düşməyəcəyi, bəzi məlumatlara görə ölkə əhalisinin az qala yarısının burada məskunlaşması "unudulub”. Görəsən, bu sənədlərin müəllifləri möcüzəvi surətdə sovet əyyamındamı ilişib qalıblar, ötən 30 il müddət ərzində harasa başqa planetəmi uçub gediblər, yoxsa yatıblar, necə deyərlər, fil qulağında? Bu qədər mühüm məsələlərə həsr edilən, eyni zamanda gerçəklikdən bu qədər uzaq bünövrə üzərində tərtib edilən həmin sənədlərin icrasından hansısa səmərəli nəticə gözləməyə dəyərmi? Hər halda paytaxtımız və həndəvəri sistemsiz, özbaşına tikinti fəaliyyətləri, "abadlıq işləri”, lazımi hazırlıq və əsaslandırma aparılmadan yaradılan bələdiyyələrin qurşandığı şıdırğı torpaq alveri nəticəsində bu gün sözün əsl mənasında acınacaqlı vəziyyətə düşdüyündən plan söhbəti yumşaq desək, bir qədər gecikmişdir.
 
Abşeron yarımadasındakı kənd və qəsəbələr, habelə "yeni məhəllə”lər Bakı ilə sosial iqtisad baxımdan vahid bir bütöv təşkil etdiyindən nəticədə şəhərin tarixi memarlıq mənzərəsi ilə yanaşı sosial, mədəni, etnoqrafik mənzərəsi də istər-istəməz köklü dəyişikliklərə məruz qalıb. Təbii ki, dünyanın bütün sosial iqtisadi, mədəni mərkəz olan şəhərlərində də güzəran üçün əyalətlərdən axışıb gələn köçkünlər hesabına əhalinin istər sayı, istərsə də tərkibi xeyli dəyişir. Amma bizdə vaxtilə SSRİ miqyasında yüksək mədəni həyatı ilə seçilən Bakının az qala məqsədyönlü surətdə göz görə-görə "bakısızlaşdırılması”na, böyük kəndə çevrilməsinə oxşar hadisəyə çətin ki, daha haradasa rast gəlinsin. Yuxarıda bəhs etdiyimiz "göydələn”ləri misal gətirib kəndləşmə fikrimizə irad tutacaq oxuculara xatırlatmaq istərdik ki, şəhərin inkişaf səviyyəsi binaların mərtəbə sayı ilə ölçülmür. İndi bir çox məsələlərdə haqlı olaraq bəyənmədiyimiz sovet dövründə paytaxtımız 20-25 mərtəbəli tikililərə malik olmasa da, planlı, şəhərsalma elminə uyğun tikilən, tarixi binalarla ahəngli bütöv təşkil edən, həm də çoxu memarlıq dəyər kəsb edən binaları ilə, hətta köhnə "Sovetski”, "Kubinka”, "Qanlıtəpə” məhəllələri dura-dura da şəhər olaraq indikindən daha kamildi, abad görkəmilə göz oxşayırdı. Mikayıl Hüseynov, Sadıq Dadaşov kimi görkəmli memarlarımızın layihələri əsasında inşa edilmiş həmin binalar son vaxtlar ortaya çıxan yöndəmsiz, şəhərimizin mənzərəsini kirləyən "göydələn”lərin yanında bu gün də əsl sənət incisi kimi bərq vurur. Bəlkə kiməsə qəribə gəldi, amma son illər "göydələn”lərin artması paytaxtımızın inkişafına yox, məhz "kəndləşməsi”nə dəlalət edir. Belə ki, son texnolojilərlə təchiz edilən, bahalı materialla üzləndirilən bu hündür binaların şəhərsalma nöqteyi-nəzərdən şəhərin kənarında, yaxud ətraf qəsəbələrdə tikilən saysız-hesabsız fərdi evlərdən heç bir fərqi yoxdur. Çünki böyük əksəriyyəti eynilə pərakəndə, nizamsız, plansız tikilir. Beləcə min illərin şahidi, Qız Qalalı, Xan saraylı Badi Kubəmizin xələfi bu günkü Bakımız üzdəniraq başbilənlərinin yarıtmaz fəaliyyəti nəticəsində inkişaf və abadlıq adı ilə istər şəhərsalma, istərsə də sosial baxımdan getdikcə simasız çoxmərtəbəli getto-kəndə çevrilir. (Azadlıq.info)
 
Arif Ələkbərli



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook