SOCAR-AQŞ Amerika Neft İnstitutunun “API Spec Q2” sertifikatına layiq görülüb
İyun 03
10:23
2017
SOCAR-AQŞ Azərbaycanda fəaliyyət göstərən qazma müəssisələri arasında ilk olaraq Amerika Neft İnstitutu (API) komitəsi tərəfindən API "Spec Q2” sertifikatına layiq görülüb.
Müəssisədən AZƏRTAC-a bildirilib ki, SOCAR-AQŞ 2015-ci ilin aprel ayından etibarən "API Spec Q2” standartının tətbiqi və sertifikatlaşdırılması layihəsinə start verib. Keyfiyyət İdarəetmə Sistemi üzrə tətbiq edilən bu standart neft və qaz sənayesində xidmət göstərən müəssisələr üçün tələbləri müəyyənləşdirir.
Müəssisənin idarəetmə sistemləri şöbəsinin müdiri Zaur Fərzəliyev bildirib ki, SOCAR-AQŞ "API Spec Q2” sertifikatına layiq görülməklə yeni inkişaf mərhələsinə qədəm qoyub: "Standartın tətbiqi ilə bağlı işçi heyətimiz əzmlə çalışıb. Müəssisədə həyata keçirilən bütün prosesləri standartın tələblərinə uyğun hazırlamağa müvəffəq olduq və API auditorlarının həyata keçirdiyi ikimərhələli yoxlamalardan uğurla keçdik”.
"Sevindirici haldır ki, milli qazma müəssisələri arasında ilkə imza ataraq müvafiq sertifikata layiq görüldük. SOCAR-AQŞ-nin bu uğuru beynəlxalq bazarlara çıxış imkanımızı artırmaqla bərabər rəqabətədavamlılıq göstəricimizi daha da yüksəldir. Əsas işimiz standartın tətbiqi ilə yanaşı, onu işlək vəziyyətdə saxlamaq və davamlı təkmilləşdirmək olacaq”, - deyə o bildirib.
Amerika Neft İnstitutu 1924-cü ildən etibarən dünya miqyasında neft və qaz sənayesinə aid olan standartların yaradılması və tətbiqi sahəsində aparıcı rol oynayır. İnstitutun neft-qaz sənayesinin bütün seqmentlərində fəaliyyət göstərən 600-dən çox korporativ üzvü var.