SOCAR-ın "2035-ci ilə kimi Korporativ Strategiya"sı qəbul edilib
Oktyabr 14
11:29
2021
Dövlət Neft Şirkətinin (SOCAR) MüşahidəŞurasının(MŞ) iclası keçirilib.
"Report" bu barədə Azərbaycan İnvestisiya Holdinqinə istinadən xəbər verir.
Məlumata görə, iclasda şirkətin "2035-ci ilə kimi Korporativ Strategiya"sı qəbul edilib. IV Sənaye İnqilabının (Sənaye 4.0) tələblərinə uyğun olaraq hazırlanmış yeni strategiya şirkətin qlobal, regional və yerli layihələrinin inkişaf tendensiyalarını bütövlükdə əks etdirməklə, neft-qaz sənayesində gələcək fəaliyyətin koordinasiyasını, dəyər zəncirinin inteqrasiyasının əsas istiqamətlərini müəyyən etməklə yanaşı, istehsal tsiklinin rəqəmsallaşması, innovasiyaların dəstəklənməsi, kadr potensialının zənginləşdirilməsi kimi sahələrin dayanıqlı inkişafına istiqamətlənəcək. "2035-ci ilə kimi Korporativ Strategiya" SOCAR-a daha çoxşaxəli, diversifikasiya olunmuş investisiya portfeli qurmaq imkanı verəcək.
İclas iştirakçıları eyni zamanda MŞ-nın işinin təkmilləşdirilməsi və daha effektiv fəaliyyətin həyata keçirilməsi məqsədilə onun Koordinasiya Ofisinin yaradılması və həmin ofisə MŞ-nın üzvü Ruslan Əlixanovun direktor təyin olunması barədə qərar qəbul ediblər.
İclasda SOCAR-ın fəaliyyəti istiqamətində digər və cari məsələləri ilə bağlı da geniş müzakirələr aparılaraq müvafiq qərarlar qəbul olunub.