SON XƏBƏR

SOCAR istiqrazları üzrə növbəti faiz ödənişi həyata keçirilib

Aprel 17
12:26 2017
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dollarla buraxılmış SOCAR istiqrazları üzrə növbəti faiz ödənişini həyata keçirib.
«SOCAR Capital» şirkətindən AZƏRTAC-a bildirilib ki, aprelin 14-də SOCAR İstiqrazlarının sahiblərinin bank hesablarına hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsait köçürülüb. Aprelin 17-də bu vəsaitlər istiqraz sahiblərinin hesablarına oturacaq və onlar bu pulları istədikləri kimi istifadə edə bilərlər.
SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib ki, SOCAR istiqrazları üzrə növbəti faiz ödənişinin həyata keçirilməsi şirkətdəki maliyyə sabitliyinin və qurumun öhdəliklərinə ciddi surətdə əməl etməsinin bariz göstəricisidir: «Fəaliyyətində beynəlxalq maliyyə standartlarına əsaslanan və kapital bazarlarının aktiv iştirakçısı olan SOCAR, öz vəsaitlərini etibar edərək, istiqrazlara yatırmış investorlar qarşısında etimadını qorumağa böyük önəm verir. Buna görə də, istiqrazlar üzrə öhdəliklər və faiz ödənişləri şirkətin digər cari xərcləri kimi ciddi intizamla həyata keçirilir».
Vitse-prezidentin sözlərinə görə, SOCAR istiqrazlarının buraxılması mühüm layihələrə vəsaitlərin cəlb olunması ilə yanaşı, ölkə vətəndaşlarına istifadəsiz saxladıqları pullarını iqtisadiyyata investisiya edərək, gəlir qazanmasına imkan yaradıb: «Hazırda SOCAR İstiqrazları ölkənin qiymətli kağızlar bazarında ən aktiv surətdə alınıb-satılan maliyyə alətidir. Bu, qiymətli kağızlar bazarının inkişafı ilə yanaşı, Azərbaycan vətəndaşları arasında investor vərdişlərinin (mədəniyyətinin) formalaşdırılmasına da böyük töhfədir».
Təkrar bazarda SOCAR İstiqrazlarına böyük tələbat və ticarət aktivliyi müşahidə olunur. İndiyədək təkrar bazar üzrə əməliyyatlarının həcmi 70 milyon dolları keçib. Təkcə 2017-ci ilin 3 ayı ərzində 36 372 ədəd istiqraz alınıb-satılıb ki, bu əməliyyatın həcmi 36 milyon dollardan çoxdur. Xüsusən fiziki şəxslər istiqrazlara böyük maraq göstərirlər.
Təkrar bazarda SOCAR istiqrazlarını Azərbaycan vətəndaşları və şirkətləri ilə yanaşı, xarici fiziki və hüquqi şəxslər də ala bilərlər. Ötən müddət ərzində qiymətli kağızlara xarici investorlar tərəfindən də böyük maraq müşahidə olunub. Hazırda SOCAR istiqrazı almış xarici investorlar arasında Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər ölkələrin vətəndaşları var.
SOCAR İstiqrazlarının əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və likvidliyin yüksək olmasıdır. Nəticədə, istiqrazların qiyməti heç vaxt 1000 (min) dollardan aşağı düşmür və onları dərhal nağd pula çevirmək mümkündür.
SOCAR istiqrazları 2016-cı ilin sentyabrında 100 milyon dollar həcmdə 5 illik müddətə buraxılıb. Yalnız yerli fiziki və hüquqi şəxslərin iştirak etdiyi ilkin abunə yazılışı zamanı istiqrazlara 203 milyon dollarlıq, yəni iki dəfədən artıq tələb gəlib. Oktyabrın 17-dən etibarən SOCAR istiqrazlarının təkrar bazar dövriyyəsi başlayıb.
Nominal qiyməti 1000 (min) dollar olan istiqrazların illik gəlirliliyi 5 faiz və ya ildə 50 dollardır. İstiqrazlar üzrə faiz ödənişləri hər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir. İlk faizlər yanvar ayının 17-də ödənilib.
2017-ci il ərzində SOCAR istiqrazları üzrə növbəti faiz ödənişləri 17 iyul və 17 oktyabr tarixlərində baş tutacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook