“Sovetski”dəki 72 tarixi binayla bağlı son qərar – Sökülməyəcək
İyun 06
20:47
2016
Keçmiş "Sovetski” məhəlləsində yerləşən və tarixi abidələr siyahısından çıxarılaraq sökülməsinə qərar verən 72 bina sökülməyəcək.
Qlobal.az xəbər verir ki, bu barədə lent.az-a "Sovetski” ərazisində fəaliyyət göstərən İşçi komissiyanın üzvü, memar, Memarlar İttifaqının üzvü Eyvaz Bağırov məlumat verib.
"Son vaxtlar bəzi mətbuat orqanlarında rast gəlinən məlumatlarda qeyd edilənlərin əksinə olaraq, "Sovetski” adlanan ərazidə bütün tarixi abidələr sökülmür. Yalnız tarix və mədəniyyət baxımdan az əhəmiyyət kəsb etdiyindən əvvəllər yerli əhəmiyyətli abidə kimi müəyyən edilmiş, yalnız ayrı-ayrı elementlərinə görə həmin siyahıya salınmış, hazırda isə qəzalı vəziyyətə düşmüş, bərpası məqsədəuyğun olmayan və sonradan əsaslandırılmadan "Siyahı”ya daxil edilmiş 23 abidə Mədəniyyət və Turizm Nazirliyinin təklifi və Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”ndan çıxarılıb. Qalan 72 abidə müvafiq qanunvericiliyə uyğun olaraq dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrinin siyahısındadır və onların toxunulmazlığı təmin edilib”, – deyə E. Bağırov qeyd edib.
"Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”ndan çıxarılmış, Mustafa Sübhi küçəsi, 63-də yerləşən məscid formasında olan tikili həmin "Siyahı”da yaşayış binası kimi qeydə alınsa da, faktiki olaraq uzun müddətdir, istifadə olunmur. Hansı quruma məxsus olduğunun müəyyənləşdirilməsi mümkün olmayan həmin bina istismar üçün yararsız hala düşüb.
Qlobal.az