SON XƏBƏR

Stavropolda “parnik”ə 61,7 milyon dollar yatıran azərbaycanlı kimdir?

Mart 11
00:08 2024
Azərbaycandan olan investor Stavropol diyarında "Vostochnıy” istixana kənd təsərrüfatı kompleksinin tikintisinə 5,6 milyard rubl (təxminən 61,7 milyon dollar) sərmayə qoyacaq.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a regional İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Denis Polyubin məlumat verib:

"Levokumski rayonunda "Vostochnıy" kənd təsərrüfatı kompleksinin tikintisinə qoyulan investisiyaların həcmi 5 milyard 660 milyon rublu ötür. Layihə həyata keçirilir, o cümlədən investor artıq lazımi avadanlıq alıb. İstismara verilməsi 2024-cü ilin sonuna qədər planlaşdırılır".

Nazirlikdən verilən məlumata görə, istixana kompleksinin sahəsi 22 hektara yaxın olacaq: "İstixana kompleksi regionun ən böyüklərindən biri olacaq. Kompleksdə pomidor və xiyar yetişdirilməsi planlaşdırılır".

Bundan əvvəl Stavropol hökuməti jurnalistlərə bildirmişdi ki, bölgədə ümumi sahəsi təxminən 336 hektar olan 12 istixana kompleksi fəaliyyət göstərir. 2023-cü ilin sonunda bu komplekslərdə tərəvəz - pomidor, xiyar, salat və badımcan istehsalı təxminən 112,7 min ton təşkil edib.

Qeyd edək ki, "Aqrokompleks Vostoçnı” MMC-nin sahibləri "Aqro-Finans-Yuq” MMC (99 faiz) və RSHB strukturu "RSHB-Finance” MMC-dir. Agro-Finance-South Yusif Məmmədov (51 faiz) və Şamil Heydərova (49 faiz) məxsusdur.

"Aqrokompleks Vostoçnı” MMC-nin direkotru Heydərov Xaqani Bilal oğlu adlı şəxsdir. Rusiya reyestrinə əsasən o, həmçinin daha 4 müxtəlif MMC-nin direktoru, bir müəssisənin təsisçisidir.

Maraqlıdır ki, 2021-ci ildə Stavropol məhkəməsində 280 milyon rubl borcu olduğuna görə "Aqrokompleks Vostoçnı” MMC-nin müflis elan edilməsi iddiası ilə proses başladılıb.

Rusiya mətbuatında gedən materiallardan aydın olur ki, müəssisə ilə bağlı müzakirələrdə Azərbaycan Milli Məclisinin sabiq üzvü Əsabil Qasımov da iştirak edir. Bir neçə gün əvvəl Rusiya mətbuatında onun şirkətinin Jeleznovodsk xüsusi iqtisadi zonasında üç sanatoriyanın inşasına 9 milyard rubl (97,4 milyon ABŞ dolları) sərmayə qoymağa hazırlaşdığına dair məlumat yayılıb. Məlumatda kurortun rəhbəri Yevgeni Bakulin azərbaycanlı investorun ümumi sahəsi 9 hektar olan üç torpaq sahəsi üçün müqavilə bağladığını bildirib.

Vurğulanıb ki, bu vəsaitə 600 otaqlı və 1200 çarpayılıq üç sanatoriyanın tikintisi nəzərdə tutulub. Bakulin artıq Jeleznovodskda Azərbaycan sərmayələrinin uğurla icrasının şahidi olduqlarını da xatırladıb. Mətbuatın yazdığına görə, bu sərmayələri sahibi də Əsabil Qasımovdur. O, 2021-ci ildə burada ən böyük kurortlarından biri olan beşulduzlu "İstoçnik Jeleznovodsk” sağlamlıq kurortunu istifadəyə vermişdi. Sanatoriyanın yataq tutumu 500 çarpayıdır. Layihəyə qoyulan ümumi investisiyanın həcmi 2 milyard rubldan artıqdır.

Əsabil Qasımov açılışda da iştirak etmişdi. Ə.Qasımov 2016-ci ildə Yessentukidə də 1.5 milyard rubl investisiya hesabına 400 yerlik "İstoçnik” sanatoriyasını açmışdı.

Əsabil Qasımov "Karat Holdinq”in sahibidir. Şirkət 2006-cı ildə yaradılıb. 2010-cu ildə 79 saylı İmişli seçki dairəsindən Milli Məclisin deputatı seçildikdən sonra Əsabil Qasımov biznesini yaxınlarına "tapşırmışdı”.

"Karat Holdinq"ə bu şirkətlər daxildir:

- Karat MTK, İdeal MMC, İzmir MMC (tikinti şirkətləri);
- "Azinvest” tikinti şirkəti;- "Everest-M", "Şin Servis" (armatur alqı-satqısı);
- Karmen MMC (dəyirman və un alğı-satqısı);
- Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki;
- ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq fabrikləri), taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində);
- Gəncə Fatoğlu (un dəyirmanı);
- Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki "Marina Plaza" oteli;
- Zərifə Əliyeva küçəsində ikimərtəbəli restoran;
- Bakı şəhəri, Səməd Vurğun küçəsində "Ağ Saray";
- Bakı şəhəri, Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina;
- İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina;
- Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi 61-də yerləşən "Premium Market".

"Karat Holdinq”in Rusiyada biznesi bununla kifayətlənmir: bundan öncə şirkət Moskvanın cənubundakı Taqanski rayonunun Böyük Poluyaroslavk döngəsində yerləşən və "Vasili Osipoviç Krasavin və qardaşları” ticarət birliyinə məxsus binanı demontaj edirdi. Onun yerində sahəsi 11,3 min kvadrat metr olacaq apartament tipli mehmanxana tikilib.

Paralel olaraq, "Karat Holding” Moskvanın Nikoloyamskaya 11 küçəsində yerləşən "Bernikov” biznes mərkəzini 1,47 milyard rubl (21,3 milyon dollar) qarşılığında satın alıb. Rusiya paytaxtının mərkəzində yerləşən və 17 min kvadrat metr sahəni əhatə edən biznes-mərkəzinin yeni sahibi tərəfindən 200-250 nömrəlik otelə çevriləcəyi açıqlanır.
 
Şirkət 2017-ci ildə Kislovodsk şəhərində yerləşən "Akademiçeskiy” sanatoriyasına 25 milyon dollar sərmayə yatırıb. Holdinq Moskva vilayətində yerləşən Podolsk çörək və un məmulatları zavodunun da əsas səhmdarıdır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook