SON XƏBƏR

Stoltenberq NATO rəhbəri vəzifəsində daha bir il qalmağa razı oldu

İyul 04
14:18 2023
NATO-nun baş katibi Yens Stoltenberq Alyansın rəhbəri vəzifəsinin daha bir il uzadıldığını açıqlayıb.
 
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Twitter” səhifəsində yazıb.

O, Alyansın üzvlərinin onun baş katib vəzifəsini 2024-cü il oktyabrın 1-dək uzatmaq qərarına gəlməsindən şərəf duyduğunu bildirib.

"Avropa və Şimali Amerika arasındakı transatlantik əlaqə 75 ilə yaxındır ki, bizim azadlığımızı və təhlükəsizliyimizi təmin edib və daha təhlükəli dünyada bizim Alyansımız həmişəkindən daha vacibdir”, - Stoltenberq bildirib.

Alyansa üzv dövlətlər keçən həftə Stoltenberqin mandatının uzadılması ilə bağlı razılığa gəliblər.

Danimarkanın baş naziri Mette Frederiksen, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles və İspaniyanın baş naziri Pedro Sançes kimi Stoltenberqin potensial varislərindən heç biri NATO üzvü olan 31 ölkənin dəstəyini qazana bilməyib.

Norveçin keçmiş baş naziri, 64 yaşlı Stoltenberq NATO-nun baş katibi vəzifəsini 2023-cü ilin sentyabr ayının sonunda başa vurmalı idi.

Fevral ayında o, mandatının uzadılmasını tələb etməyəcəyini açıqlamışdı. Lakin NATO üzvləri varislə bağlı konsensusa gələ bilmədikdən sonra ondan bir il də qalmağı xahiş ediblər.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook