STP Şirkətlər Qrupu ilə Ələt Azad İqtisadi Zonası əməkdaşlıq barədə anlaşdı
Oktyabr 21
10:14
2021
Ölkəmizin qabaqcıl şirkətlərindən biri olan STP Şirkətlər Qrupu və Ələt Azad İqtisadi Zonası arasında Strateji Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalayıb. İmza atma mərasimi STP Şirkətlər qrupunun Rebuild Karabakh sərgisində baş tutub. Memorandumun məqsədi iki qurum arasında iqtisadi əlaqələri inkişaf etdirmək, həmçinin qarşılıqlı bilik, informasiya və təcrübə mübadiləsi üçün əməkdaşlıq etməkdir. Bundan başqa qurumların bir-birinin fəaliyyətinin təşviq olunması və onların fəaliyyətinə sərmayələrin cəlb edilməsi üçün də birgə fəaliyyəti nəzərdə tutur. Memorandum STP Şirkətlər qrupu tərəfdən Baş direktor Ruslan Ağabəyli və Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov tərəfindən imzalanıb.
Anlaşma memorandumuna "Sərmayə yatırımlarının həyata keçirilməsinə qarşılıqlı dəstəyin göstərilməsi”, "İşgüzar səfərlər zamanı qarşılıqlı zəruri əlaqələndirmənin təşkili”, "Bilik, informasiya və təcrübənin mübadiləsi” və s. istiqamətləri əhatə edən bəndlər daxildir.
Ələt Azad İqtisadi Zonası ölkənin qeyri-neft sektoruna yerli və xarici investisiyaları gücləndirmək üçün həyata keçirilən bir layihədir. Bu strateji coğrafi məkandan regional investisiya mərkəzini təmin etmək və Avropa-Qafqaz-Asiya və Şimal-Cənub nəqliyyat dəhlizlərində rəqabət qabiliyyətini artırmaq üçün istifadə ediləcək.
Qlobal.az