SON XƏBƏR

Strateji Yol Xəritəsi: “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi başa çatdırılacaq

Dekabr 21
00:24 2016
Ölkənin təbii resurslar bazasından optimal istifadə edilməsi məqsədilə beynəlxalq dağ-mədən və metallurgiya şirkətləri ilə əməkdaşlıq intensivləşdiriləcək, Azərbaycan Polad İstehsalı Kompleksinə daxil olan "Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi başa çatdırılacaq. Dəmir konsentratı yuvarının istehsal həcmləri artırılacaq. Qara metallurgiyanın emal mərhələlərini əhatə edəcək müəssisələr şəbəkəsinin yaradılması təşviq ediləcək.
 
Bu barədə "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
 
Yerli xammal bazasının hərtərəfli qiymətləndirilməsi nəticəsində ilkin mərhələdə yerli alunit və boksitlərdən, həmçinin neft sənayesinin (anod blokları) imkanlarından yararlanmaqla alüminiuma tələbatın yerli xammal və istehsal gücləri hesabınaqarşılanması məsələsinə baxılacaq. Alüminiumdan son məhsul istehsal edəcək emal müəssisələrinin yenidən qurulması üçün tədbirlər görüləcək.
 
Göstərilmiş tədbirlərin yerinə yetirilməsi 2020-ci ilədək ölkənin dağ-mədən və metallurgiya sektorunda yerli xammal potensialından tam istifadə olunmasına, polad və alüminiuma yerli tələbatın qarşılanmasına, həmçinin artan istehsal səbəbindən maşınqayırma sektoruna sifarişlərin çoxalmasına şərait yaradacaq. Bu prioritetin 2020-ci ildə real ümumi daxili məhsula (ÜDM) gözlənilən təsirinin 1 milyard manat olacağı proqnozlaşdırılır.
 
Əlvan metallurgiyanın ÜDM-ə təsirinin hesablanması təbii ehtiyatların həcminin və keyfiyyətinin, həmçinin alunitdən alüminium almaq üçün texnologiyanın qiymətləndirilməsi aparıldıqdan sonra həyata keçiriləcək.
 
Əsas icra göstəriciləri: qara metallurgiyanın yerli xammal bazasından tam istifadənin təmin olunması; yeni dəmir filizi çıxarma və polad emalı zavodunun tikilməsi; maşınqayırma sektoruna sifarişlərin çoxalması.
 
Prioritetlər çərçivəsində tədbirlərin əhatə dairəsi nəzərə alınaraq, dəmir filizi kompleksinin və emal müəssisələrinin tikilməsi üçün 2020-ci ilədək 2 milyard manat həcmində vəsaitin tələb ediləcəyi proqnozlaşdırılır. Lakin müəyyən əlavə nəticələrin əldə edilməsi planları hesabına bu məbləğ arta bilər (investisiya tələbinin dəqiqləşdirilməsi üçün texniki-iqtisadi əsaslandırmanın aparılması zəruridir).



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook