SON XƏBƏR

Sudanda Əl-Bəşirə qarşı nümayişlər: ordu etirazçıları polisdən qoruyur... - Hərbi çevriliş haqda şaiyələr təsdiqlənmədi

Aprel 09
12:54 2019
Sudanda 30 ildir hakimiyyət başında olan və Darfurda törədilmiş soyqırıma görə Beynəlxalq Cinayət Məhkəməsinin barəsində həbs orderi çıxardığı Ömər əl-Bəşirə qarşı nümayişlər üç aydır ki, ara vermir.

Virtualaz.org beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, ötən gün minlərlə nümayişçi Əl-Bəşirin iqamətgahının, məxfi xidmətin qərargahının və Müdafiə Nazirliyinin yerləşdiyi kompleksə doğru yürüş edib. Bu zaman polis və təhlükəsizlik qüvvələri nümayişçilərə atəş açıb, lakin ordunun Baş qərargahını qoruyan əsgərlər nümayişçiləri onlardan müdafiə edib.

Xəbərlərə görə Daxili İşlər Nazirliyinin çevik polis bölmələri Müdafiə Nazirliyinin qarşısında havaya atəş açaraq və gözyaşardıcı qaz tətbiq edərək nümayişçiləri dağıtmağa çalışıb. Daha əvvəl nümayişçilərə qarşı güc tətbiq edilməsinə imkan verməyəcəyini bəyan edən ordu müdaxilə edib və nümayişçiləri qoruyub. Əsgərlər darvazanı açıblar və polisin təqib etdiyi nümayişçiləri içəri buraxıblar.

Bu zaman polislərlə əsgərlər arasında atışma olub, nəticədə iki əsgər və bir polis ölüb. Təhlükəsizlik qüvvələri nümayişçilərə atəş açmadan geri çəkilib və əsgərlər ərazini mühasirəyə alıblar. Nümayişçilər isə "Ordu bizi qoruyur”, "Bir xalq, bir ordu” şüarlarını səsləndirib.

Bildirilir ki, üç aydır davam edən etirazlarda ilk dəfə olaraq tanınmış müxalifət liderləri də Xartumda müdafiə nazirliyi qarşısına yığışmış etirazçılara qoşulub. Daxili işlər nazirinin parlamentə bildirdiynə  görə, şənbə və bazar günləri paytaxtdakı iğtişaşlarda altı nəfər öldürülüb, bir nəfər isə Darfur regionunda həlak olub.
Sudanda etirazlar dekabrdan – hökumət çörəyin qiymətini qaldırmaq istəyəndən başlanıb.

Bu arada sosial şəbəkələrdə belə şaiyələr yayılıb ki, ordu əl-Bəşiri qeyri-legitim hesab edərək hakimiyyəti ələ alıb. Xəbər Sudan əhalisi arasında böyük sevincə səbəb olub. Lakin müdafiə naziri Aud Muhammed Əhməd bin Auf bəyan edib ki, hərbi çevriliş haqda xəbər yalandır və ordu qanuni hakimiyyəti devirməyə hazırlaşmır.

Müdafiə nazirinin bildirdiyinə görə hərbçilər iğtişaşlara və hakimiyyətə hücumlara da yol verməyəcəklər. Eyni zamanda dinc nümayişçiləri müdafiə edəcəklər.

Xatırladaq ki, Sudanda etirazları yatırmaq üçün əl-Bəşirə rusiyalı muzdluların da kömək etdiyi haqda məlumatlar var. Təxminən iki ay əvvəl xarici KİV-lər içərisində Xartumda slavyan mənşəli xüsusi təyinatlıların olduğu hərbi yük avtomobillərinin görüntülərini yayıblar. Məlumatlara görə "Kremlin aşbazı” kimi tanınan oliqarx Yevgeni Priqojinin maliyyələşdirdiyi, "Vaqnerin ordusu” kimi tanınan muzdlular Xartuma göndərilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook