SON XƏBƏR

Şuşa Bəyannaməsi tarixi anlaşmadır

İyun 19
12:40 2023
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşü keçirilib.Prezident seçkilərindən qısa müddət  sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər etməsi ölkələrimizin birliyinin nümunəsidir.
 
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında vurğulayır ki, Türkiyə ən güvənilə biləcək, qardaş hesab etdiyimiz yeganə bir ölkədir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bizim bölgəmizdə çox müsbət rol oynayır. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir və bütün məsələlərdə biz hər zaman bir-birimizin yanındayıq. Bu tarixi dostluğun və qardaşlığın çox sağlam və möhkəm təməli vardır.
Azərbaycan-Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət” tezisinə əsaslanır. 2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır.Şuşada Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanmasından iki il ötür. Məhz həmin gün dini, dili, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı.Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” Türkiyə Prezidentinin Azərbaycana və Azərbaycanın tarixi, hüquqi və ayrılmaz hissəsi olan Qarabağa səfərinin başlıca diplomatik yekunudur. 

İşğaldan azad olunmuş Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında məhz Milli Qurtuluş Günündə, Qars müqaviləsindən 100 il sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətlərinə dair imzalanan Şuşa Bəyannaməsinin özünəməxsus tarixi, hüquqi və siyasi əhəmiyyəti var. Bəyannamə olduqca geniş və demək olar ki, bütün sahələrdə Azərbaycanla Türkiyə arasındakı münasibətlərin qardaşlığını və qətiyyətini həm özətləyir, həm də yeniləyir.
 
Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.
Şuşa Bəyannaməsi əhatəli sülhə yol açır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır.Onu da qeyd etmək lazımdır ki, Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artıracaq. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır.Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Ölkəmiz üçün Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir.Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıb. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir.

Regional təhlükəsizliyə, sülhə, müttəfiqliyə və əməkdaşlığın inkişafına əsaslanan belə bir sənədin Azərbaycanın Milli Qurtuluş Günündə işğaldan azad edilən Şuşada imzalanması dostluğun və qardaşlığın ən yüksək səviyyədə təqdimatı idi. Bu təqdimat həm də dünyaya Azərbaycanla Türkiyənin birliyinin sarsılmaz və əbədi olduğunu göstərdi. Bəyənnamə Azərbaycanla Türkiyəni dünya miqyasında daha güclü mərkəzə, regionda söz sahibinə çevirib. Belə ki, regional təhlükəsizlik baxımından müstəsna əhəmiyyət kəsb edən sənəd bölgənin uzunmüddətli inkişaf konsepsiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayır.

Hər zaman olduğu kimi hər iki ölkənin prezidentlərinin  görüşləri həm görülən işlərə yekun vurur, eyni zamanda, növbəti illərdə görüləcək işlərlə bağlı yol xəritəsi cızır. Əminliklə deyə bilərik ki, növbəti illərdə də Azərbaycan - Türkiyə dostluğu, qardaşlığı hər zaman olduğu kimi yüksək səviyyədə olacaqdır.

Aytəkin Əhmədova,
Səhiyyə işçiləri həmkarlar ittifaqı Salyan rayon komitəsinin sədri


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook